Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnkişafın təməl daşı

17 Sentyabr 2017
 

Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olan “Yeni əsrin müqaviləsi” ilə Azərbaycanın növbəti intibah mərhələsi başlayır

 

“Əsrin müqaviləsi” - 23 il öncə müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına, neft salnaməsinə qızıl hərflərlə yazılan bu ad dahi şəxsiyyət Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi kimi yaddaşlara əbədi həkk olunub. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər sırasına düşüb.

 

Dünyada ilk dəfə sənaye üsulu ilə açıq dənizdə neft çıxaran ölkə

 

Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb. Bu imkanı isə ulu öndər Heydər Əliyevin dühası reallığa çevirib.
Dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanıb və 1848-ci ildə Bakıda Bibiheybət yatağında qazılmış quyudan püskürən neft fontanı ölkəmizdə “qara qızıl”ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci olub və dünya neft hasilatının yarısını verib. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoyub. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayıb.

 

Böyük qayıdış və Azərbaycanın qurtuluşu

 

Müstəqillik tariximizin ilk illərində isə neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq böyük neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Digər tərəfdən, aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 1980-ci illərin axırlarından aparılan danışıqlar 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o, nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini kiminsə maraqlarına yönəldərək iqtisadiyyata böyük ziyan vura bilərdi.
Ancaq xalqın iradəsi, təkidli tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

 

“Əsrin müqaviləsi” - yeni neft strategiyasının uğurlu başlanğıcı

 

1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoko”, BP, “MacDermott”, “Unocal”, SOCAR, “LUKoyl”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remko”, “Delta”) ilə müqavilə imzalandı. Bu saziş müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Ulu öndər Azərbaycanı məhvolma təhlükəsindən xilas etməklə bərabər, neft sənayesini də böhran və tənəzzüldən qurtardı. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu.
1995-ci ilin fevralında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. 1997-ci ilin noyabrının əvvəlində isə “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı və hasilat başlandı. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. 1998-ci ildə neftimiz Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından ixracı ilə Azərbaycan nefti ilk dəfə olaraq iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlandı. 2002-ci ildə ulu öndər Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu və 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.

 

Azərbaycana 3,6 milyard dollar həcmində bonus ödəniləcək

 

Sentyabrın 14-də isə Bakıda daha bir mühüm tarixi hadisə baş verdi. “Əsrin müqaviləsi”nin 23-cü ildönümünə təsadüf edən bu təntənəli mərasimdə Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənilməsi barədə saziş imzalandı.
Bu, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutur.
Buna görə ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə yüksələcək və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 milyard dollar sərmayə qoyulub və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib. Növbəti 32 il müddətində isə AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.
2017-ci ilin birinci yarısında gündəlik orta hesabla 585 min barel hasilat əldə edilən AÇG-də hazırda 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

 

Yeni saziş 23 il öncə imzalanan sazişdən daha böyükmiqyaslıdır

 

Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür. Yeni imzalanan saziş isə 1994-cü ildə imzalanan sazişdən daha böyükmiqyaslıdır.
Dövlət başçısı bu gün dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınan Azərbaycanın aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratdığını söyləyərək “Əsrin müqaviləsi”nin 23 il ərzində ölkəmizə çox böyük siyasi, iqtisadi dividendlər qazandırdığını vurğuladı: “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq, Azərbaycan nefti insan kapitalına çevirə bildi. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək”.

 

Strateji maraqlar üzərində qurulan çoxvariantlı iqtisadi strategiya

 

Bu saziş növbəti dəfə Prezident İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi. Məhz İlham Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldilib.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası nəticəsində ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrilib.
Əlbəttə ki, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanması Azərbaycanın gələcək dinamik inkişafına, maliyyə imkanlarının genişləndirilməsinə, dünya miqyasında öz mövqeyini daha da gücləndirməsinə əlverişli zəmin yaradacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”