Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

14 Sentyabr 2017
 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə UNICEF-lə əməkdaşlıqda görülən işlərin nəticələri, həmçinin əlaqələrin prioritet istiqamətləri müzakirə olunub.

Regionlarda monitorinq və maarifləndirmə işinin önəmini vurğulayan müvəkkil bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin, keçirilən təlimlərlə yanaşı, regionlarda yerləşən uşaq müəssisələrinə ombudsmanın milli preventiv qrupu tərəfindən UNICEF-lə birgə baxışların keçirilməsinin məqsədəmüvafiq olacağını qeyd edib. Müvəkkilin sözlərinə görə, bu baxışlar vəziyyətin ümumi qiymətləndirilməsinə və mövcud çatışmazlıqların aradan qaldırılmasına yardımçı olacaq.

E.Süleymanova yuvenal ədliyyə haqqında qanun layihəsinin qəbul edilməsi işində birgə lobbiçilik fəaliyyətinin əhəmiyyətini qeyd edib. Müvəkkil əlavə edib ki, Milli Məclis tərəfindən yaxın zamanda sözügedən qanunun qəbul olunması gözlənilir.

Müzakirələrin digər istiqaməti uşaqların erkən inkişafı, xüsusilə körpələrin sağlamlığı, qidalanması, həmçinin uşaqların sağlam ətraf mühitdə yaşaması sahəsində əməkdaşlıq olub. Müvəkkil Ombudsman təsisatının bu istiqamətdə fəaliyyəti haqqında qonağa məlumat verib, son illər respublikada bununla bağlı sistemli işlərin görüldüyünü qeyd edib və sözügedən sahədə əməkdaşlığın da müsbət nəticələr verəcəyinə inamını ifadə edib.

Qonaq Ombudsman təsisatı ilə sıx əməkdaşlıqdan, görülən işlərin nəticələrindən məmnunluğunu bildirib, bu istiqamətdə istənilən dəstəyi verməyə hazır olduğunu deyib.