Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Moskva məktəblərində partlayış təhlükəsinə görə təxliyə başladı

14 Sentyabr 2017
Dünən Rusiyanın paytaxtı Moskvanın 16 orta məktəbində şagirdlərin təxliyəsi başlamışdır. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Lenta.ru” saytı xəbər verir.

Məlumata görə, bütün zənglər yerli vaxtla saat 11:00-da edilmişdir. 7,5 min məktəbli və 500-dən çox müəllim küçələrə çıxarılmışdır.

Yağışlı havaya baxmayaraq, yuxarı sinif şagirdləri və müəllimlər küçələrdə yoxlamanın bitməsini gözləyirlər. Aşağı sinif şagirdləri isə evə buraxılmışlar.

Digər mənbənin bildirdiyinə görə, əslində 40-a yaxın məktəbin minalandığı barədə zənglər olmuşdur.

Bundan əlavə, hüquq-mühafizə orqanlarına Moskvanın müxtəlif yerlərində partlayıcı qurğuların yerləşdirildiyi barədə 33 zəng daxil olmuşdur. Naməlum adamlar Kursk, Kiyev və Kazan vağzalı, Şeremetyevo hava limanı, 22 ticarət- əyləndirmə mərkəzi, habelə bir neçə ali məktəb və Qızıl meydanın minalandığını bildirmişlər.

Hüquq-mühafizə orqanlarındakı mənbə “RİA Novosti” agentliyinə demişdir: “Əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində müəyyənləşdirilmişdir ki, anonim xəbərlər xaricdə İŞİD terrorçu qruplaşması və digər təşkilatlarla əlaqəli adamlar tərəfindən daxil olur”.

Qeyd edək ki, Rusiyada beş gündür müxtəlif obyektlərin minalandığı barədə anonim zənglər dalğası davam edir. Son iki gün ərzində bununla əlaqədar ölkədə 130 minə yaxın adam təxliyə edilmişdir.