Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dmitri Savelyev: Azərbaycan Rusiya, Türkiyə və İran arasında geosiyasi vasitəçiyə çevrilir

14 Sentyabr 2017
Bu gün Rusiyanın bir sıra ölkələrlə münasibətlərinin möhkəmliyinin sınaqdan keçdiyi bir vaxtda ənənəvi qarşılıqlı ehtirama əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığı inkişaf etməkdə davam edir və çoxşaxəli xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Dmitri Savelyev Moskvada keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda söyləyib.

Rusiyalı deputatın fikrincə, hər iki ölkə mədəniyyət, iqtisadiyyat və siyasət sahələrində səmərəli qarşılıqlı fəaliyyət göstərir. Rusiya-Azərbaycan münasibətlərinin müqavilə-hüquq bazası hazırda 200-dən çox dövlətlərarası, hökumətlərarası və regionlararası sazişi əhatə edir, iki dövlətin liderlərinin, işçi qruplarının və rəsmi nümayəndə heyətlərinin hər bir görüşü ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Rusiya cənub qonşusunun simasında uzunmüddətli aydın qaydalarla oynayan güclü və etibarlı tərəfdaş tapıb.

D.Savelyev deyib: “Bu, ilk növbədə, iqtisadi əlaqələrə aiddir: Rusiya ilə Azərbaycan arasında azad ticarət rejimi fəaliyyət göstərir, qarşılıqlı investisiyalar milyardlarla dollar həcmindədir, artıq çoxdan sadə xarici-ticari əməliyyatlardan birgə layihələrin reallaşdırılması mərhələsinə keçmişik ki, bunlardan da ən əhəmiyyətlisi İranla birlikdə həyata keçirilən “Şimal-Cənub” nəqliyyat meqalayihəsidir. Rusiya-Azərbaycan mədəni mübadiləsi intensivdir, xalq diplomatiyası amili ölkələrimizin münasibətlərində ictimai rəy formalaşdırmağa və siyasi proseslərə təsir göstərməyə qadir olan real qüvvəyə çevrilib”.

Deputat vurğulayıb ki, 25 illik müstəqillik dövründə respublika iqtisadi, resurs, demoqrafik və xarici siyasət potensialı sayəsində nəinki Cənubi Qafqazda lider mövqelər tutmağa müvəffəq olub, eyni zamanda, istər regionda sülhün və sabitliyin möhkəmlənməsi, istərsə də transregional qarşılıqlı fəaliyyət üçün öz unikal coğrafi mövqeyindən istifadə edə bilib.

Azərbaycan çoxdan sübuta yetirib ki, müstəqil və tarazlaşdırılmış xarici siyasət yürütməyə qadirdir. Bu amilin ölkənin inkişafı üçün böyük perspektivlər açdığını vurğulayan D.Savelyev deyib: “Azərbaycan getdikcə daha tez-tez dünyanın üç güc mərkəzi - Rusiya, Türkiyə və İran arasında geosiyasi vasitəçiyə çevrilir. İki il əvvəl Rusiyanın hərbi təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulanda və bu hadisə Rusiya-Türkiyə böhranının başlanmasına səbəb olanda məhz Azərbaycan rəhbərliyi münaqişə edən tərəflər arasında vasitəçi olmaq, böhrandan çıxış yolu tapmaq və Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasına kömək etmək üçün mümkün olan hər şeyi etdi və bunun sayəsində dünyanın siyasi arenasında Azərbaycanın nüfuzu daha da artdı”.

Hazırda çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığı güclü yüksəliş dövrü yaşayır, dövlətlərarası səviyyədə əlaqələrin intensivliyi təsdiq edir ki, ölkələrimiz bu tərəfdaşlığın möhkəmlənməsində eyni dərəcədə maraqlıdırlar. Rusiyalı siyasətçi fikrini bu sözlərlə tamamlayıb: “Ölkələr öz münasibətlərini hər hansı süni siyasi kombinasiyalar əsasında deyil, “biz qonşuyuq və mehriban qonşuluq ənənələrini möhkəmləndirməklə həmişə yanaşı yaşayacağıq” prinsipini dərk edərək qururlar”.

 

AZƏRTAC