Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin sədri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

14 Sentyabr 2017
Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr həmməruzəçilərin AŞPA-nın növbəti sessiyasından əvvəl ölkəmizə səfər etmələrini yüksək qiymətləndirdi. Oqtay Əsədov qeyd etdi ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin mətni ilə tanışdır. Spiker sənəd üzərində iş zamanı göstərdikləri obyektivliyə görə qonaqlara təşəkkürünü bildirdi. Qeyd edildi ki, sənəddə müsbət məqamlarla yanaşı, sual doğuran bəzi məsələlər də öz əksini tapıb. Azərbaycan tərəfi həmməruzəçiləri maraqlandıran sualları birgə müzakirə etməyə hazırdır.

Milli Məclisin sədri dedi ki, adətən AŞPA kimi təşkilatlarda Azərbaycan haqqında müsbət fikir səslənəndə ermənipərəst qüvvələr fəallaşaraq öz riyakar planlarını işə salmağa cəhd edirlər. Növbəti sessiya öncəsi onlar hazırladıqları press-relizi müxtəlif ünvanlara göndərərək, Azərbaycanı ləkələməyə, ölkəmiz haqqında mənfi rəy yaratmağa növbəti dəfə səy göstərirlər. Biz buna artıq adi hal kimi baxırıq.

Söhbət zamanı belə bir fikir də vurğulandı ki, Azərbaycan bütün istiqamətlərdə AŞPA ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycan hakimiyyəti öz daxili və xarici siyasətini milli və dövlətçilik maraqlarına uyğun formalaşdırır. Biz təşkilatda bəzi ölkələrə qarşı göstərilən sərt mövqedən narahatıq. Belə hesab edirik ki, mübahisə doğuran məsələlər danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Biz gələcəkdə də AŞPA ilə əməkdaşlığımızı daha da dərinləşdirmək əzmindəyik.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ölkəmizə səfərlərindən və burada keçirdiyi görüşlərdən razı qaldıqlarını söylədi. Qonaq qeyd etdi ki, ilk dəfədir sessiyaya bir həftə qalmış ölkə üzrə hazırlanmış hesabatı müzakirə etmək üçün həmin dövlətin nümayəndələri ilə görüş üçün belə bir səfər baş tutur. “Biz hesab edirik ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə hazırladığı məruzədə öz əksini tapan məsələlər barədə yerində müzakirələr aparmaq ümumi işin xeyrinə olardı”, - deyə o qeyd edib.

Görüşdə qonaqları maraqlandıran suallara və qaldırılan məsələlərə aydınlıq gətirildi, bir sıra məqamlara Azərbaycan tərəfinin mövqeyi bildirildi.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.