Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə Azərbaycan-AŞPA əlaqələri müzakirə edilib

14 Sentyabr 2017
Sentyabrın 14-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov görüşün tarixi bir gündə keçirildiyini vurğuladı. Bildirdi ki, bu gün Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan yeni Saziş “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini 2050-ci ilə qədər uzadır. Dünya dövlətlərinin liderləri bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayaraq Sazişin əhəmiyyətini yüksək dəyərləndiriblər.

Son vaxtlar ölkəmizə qarşı artan qara piar kampaniyasının əsl məqsədinin Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçinin işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirmək olduğunu vurğulayan komitə sədri bu fikirlərini təsdiq edən faktları – Avropada fəaliyyət göstərən erməni təşkilatlarının yaydıqları press-relizi AŞPA-nın həmməruzəçilərinə təqdim etdi.

Sonra Səməd Seyidov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakla Sezar Florin Predanın hazırladıqları məruzəyə dair fikirlərini açıqladı. O, Avropa Şurasının bir sıra ölkələrə münasibətdə sərt mövqe tutmasının yolverilməz olduğunu dedi. Qeyd etdi ki, həmin ölkələrin Avropa Şurasından uzaqlaşdırılması Avropa Şurasının özünün dağıdılması deməkdir. Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır.

Hazırladıqları məruzə AŞPA-da təsdiqləndikdən sonra Azərbaycana gəldiklərini deyən Stefan Şennak bildirdi ki, məqsəd sənədi plenar iclasa təqdim etməzdən öncə məruzədəki müddəaları yerindəcə müzakirə etməkdir. Görüşdə Sezar Florin Preda fikirlərini bölüşdü.

Söhbət zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.