Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT Myanmada zorakılığı dayandırmağa çağırır

14 Sentyabr 2017
BMT-nin Baş katibi Antoniu Quterriş Myanma hökumətini hərbi əməliyyatı və zorakılığı dayandırmağa, qanunun aliliyini bərpa etməyə və humanitar yardımın çatdırılması üçün imkan yaratmağa çağırmışdır. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

“Onilliklər ərzində mövcud olmuş problemlər Myanma hüdudlarından kənara çıxmış və hazırda bütün regionda vəziyyətin sabitliyini pozur. Humanitar vəziyyət fəlakətlidir” – deyə Quterriş bildirmişdir.

Baş katibin dediyinə görə, Myanmadan Banqladeşə gəlmiş arakanlı qaçqınların sayı 380 min nəfərə yaxındır. Quterriş bu böhranı yaradan səbəbləri aradan qaldırmağa və Arakan ştatının müsəlmanlarına vətəndaşlıq, yaxud leqal status verməyə çağırmışdır.

Myanmada yaranmış vəziyyətlə bağlı Baş katib BMT Təhlükəsizlik Şurasına (TŞ) məktubla müraciət etmişdir. Bu mövzu srağagün TŞ-də qapalı formatda müzakirə olunmuşdur. Yekunda TŞ üzvləri qərara gəlmişlər ki, Arakanda zorakılıq dərhal dayandırılmalı, qanunun aliliyi və asayiş bərpa olunmalı, habelə yerli sakinlərin müdafiəsi təmin edilməlidir.

Bu arada UNİCEF nümayəndəsi Kristof Bulyera “Anadolu” agentliyinə bildirmişdir ki, avqustun 25-dən bəri Myanma ordusunun və buddaçı millətçilərin zorakılığından Banqladeşə qaçmış arakanlıların sayı 400 min nəfərə çatır. Onlardan 220 mini uşaqdır.