Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev: Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır

14 Sentyabr 2017
Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində səsləndirib.

Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyini, ölkəmizin böyük potensiala malik olduğunu bildirən dövlətimizin başçısı deyib: “Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.