Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan səfiri etimadnaməsini ÇXR Sədrinə təqdim edib

14 Sentyabr 2017
Azərbaycan Respublikasının Çin Xalq Respublikasına yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnaməsini Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, mərasimdən sonra Azərbaycan səfiri ilə ÇXR Sədri arasında görüş olub.

Görüşdə səfir Ə.Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çin dövlətinin başçısına çatdırıb.

Azərbaycanın Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir dövlətimizin başçısı İlham Əliyevin Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb, səfərin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduğunu deyib.

Azərbaycan hökumətinin ÇXR Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ciddi dəstəklədiyinə diqqəti yönəldən səfir Ə.Zeynallı ölkəmizin bu təşəbbüsün uğurla həyata keçirilməsinə böyük töhfələr verməyə hazır olduğunu bildirib.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edən diplomat Çin şirkətlərini Azərbaycanda daha fəal olmağa dəvət edib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Ə.Zeynallı münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Səfiri yeni təyinatı münasibətilə təbrik edən ÇXR Sədri Si Cinpin Azərbaycan Prezidentinin səmimi salamlarına və xoş arzularına görə təşəkkür edib, onun da salamlarını və xoş arzularını Azərbaycan dövlətinin başçısına çatdırılmasını xahiş edib.

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfərini məmnuniyyətlə xatırladan Si Cinpin həmin səfər çərçivəsində Azərbaycan dövlətinin başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişafı üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib, bu qərarların həyata keçirilməsi üçün Prezident İlham Əliyevlə daha sıx işləməyə əzmli olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkürünü bildirən Si Cinpin ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını deyib, səfər üçün hər iki tərəfə məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib.

Söhbət zamanı ÇXR Sədri “Bir kəmər, bir yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürünü ifadə edib.

 

 

AZƏRTAC