Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib

14 Sentyabr 2017
Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi


-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir.

Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.

İyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə “Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi.

Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir.

Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir.

O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi.

Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.

O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanmışdır. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Bu da dünyanın neft tarixində nadir hadisələrdəndir. 1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmişdir və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır.

2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Yəni, əsas xronoloji mənzərə bundan ibarətdir.

Bunlardan əlavə, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir. Gəmiqayırma zavodu tikilmişdir, hansı ki, indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri - Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edirlər. Yəni, budur “Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalar.

Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.

Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir.

Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır – XX əsrin ortalarında “Neft Daşları”ndan. Yəni, bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm. Bugünkü mərasimdə xüsusilə nəzərə alsaq ki, neftçilərin peşə bayramı yaxınlaşır, Azərbaycan neftçilərinə öz səmimi təbriklərimi, minnətdarlığımı bildirirəm.

Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığımızın da 23 illik tarixi var. Yəni, BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı–Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni, bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda – SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad, o cümlədən bugünkü mərasimi mümkün etmişdir. Çünki sirr deyil ki, - mən də bunu qeyd etdim, - “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm, bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır.

“Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər.

Eyni zamanda, mən “Azəri-Çıraq-Günəşli”nin bütün tərəfdaşlarını da xüsusi qeyd etmək istərdim. Onlara da öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycana böyük sərmayə qoyublar. Bugünkü qərarın qəbul edilməsində hər bir tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim də olmayacaqdı.

Bir sözlə, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir.

“Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.

Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır. Onun fəaliyyəti, gəlirləri, xərcləri haqqında məlumat müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə o vaxt hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.

Mən çıxışımın əvvəlində qeyd etdim ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Sağ olun.

 

X X X

 

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu və çıxış edərək dedi:

- Cənab Prezident və hörmətli qonaqlar.

Bu gün burada həqiqətən təkcə Azərbaycan üçün yox, bölgə və dünya enerji bazarı baxımından çox tarixi bir müqavilə olan, ötən əsrin müqaviləsi olaraq adlandırılsa da, XXI əsrin də müqaviləsi olacaq yenilənmə Sazişi ilə əlaqədar bu tədbirdə iştirak etməkdən məmnunluğumu bildirirəm.

1994-cü ildə imzalanan Hasilatın Pay Bölgüsü müqaviləsinə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilata başlanan bu proses həmin tarixdən etibarən Azərbaycanın zəngin təbii sərvətlərinin rəmzinə çevrilməklə yanaşı, 2006-cı ildən bəri buradan hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünyanın enerji bazarlarına çıxarılması enerji təhlükəsizliyinə töhfə verən bir layihədir.

Bu gün bu sahədəki işlərin davam etdirilməsi üçün bu müqavilənin 2050-ci ilə qədər uzadılması və bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıyır. Bu münasibətlə başda Azərbaycan dövləti və SOCAR şirkəti olmaqla bu layihənin beynəlxalq bütün hissədarlarına öz təbriklərimi çatdırıram.

1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi ilə bu proses çox mühüm mərhələyə qədəm qoydu. Təqribən 11 ildə 2,6 milyard barel xam neft BTC vasitəsilə təhlükəsiz və davamlı şəkildə dünya bazarına çatdırılıb. Neftlə yanaşı, Azərbaycan qaz tədarükündə də həm Türkiyə, həm də digər istehlakçı ölkələr üçün mühüm və etibarlı tərəfdaş olaraq qəti addımlar atır.

Mənbələrin şaxələndirilməsi baxımından Avropa İttifaqı tərəfindən irəli sürülən “Cənub Qaz Dəhlizi” layihəsinin ən önəmli mənbə ölkələrindən biri Azərbaycandır. Ancaq Avropa İttifaqı tərəfindən irəli sürülsə də, “Cənub Qaz Dəhlizi” layihəsini sözün əsl mənasında həyata keçirən Türkiyə-Azərbaycan əməkdaşlığı və iradəsi olub. Bu layihənin irəli sürülməsindən xeyli əvvəl “Şahdəniz-1” yatağından çıxarılan qaz artıq Bakı-Tbilisi–Ərzurum boru kəməri ilə nəql olunurdu. “Şahdəniz-2” yatağı üzrə Türkiyə və Azərbaycan bir tərəfdən Azərbaycanın qaz ticarətinə töhfə verir, digər tərəfdən də həm Türkiyə, həm də Avropa təbii qaz bazarları üçün önəmli bir mənbə şaxələndirməsini təmin edəcək TANAP layihəsini həyata keçirir. Hamımıza məlumdur ki, uzun illər Avropa İttifaqının alternativ enerji mənbələri ilə bağlı həyata keçirdiyi layihələrdən fərqli olaraq, TANAP layihəsi iki ölkənin güclü əməkdaşlığının bir rəmzi olaraq gələn ilin ikinci yarısında, inşallah, açılışının da həyata keçirilməsi ilə xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından tarixi imkan olacaq.

Bu layihənin həyata keçirilməsi, xüsusilə Cənub Qaz Dəhlizinin işə salınması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da güclənməsi sayəsində Avropa ölkələri və dünya bazarları çox önəmli bir qaynaq əldə edəcəklər.

2019-cu ildə TAP-ın TANAP ilə birləşdirilərək işə düşməsi ilə Avropa istehlakçıları üçün dördüncü əsas qaz arteriyası təmin olunacaq və beləliklə, mühüm qaz tədarükü kanalı reallaşacaq. İki tərəf olaraq, strateji rollarımız çərçivəsində “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində qətiyyətli qərarlar qəbul edərək atdığımız doğru addımlarla həm Türkiyənin, həm də Azərbaycanın birlikdə olması Avropa və dünya üçün çox önəmli bir nümunə təşkil edir.

Tikintinin gələn il başa çatmasından sonra ilk boru kəməri ilə təqribən 16 milyard kubmetr qazın həm Türkiyəyə, həm də bu kəmərin keçdiyi Gürcüstan, Yunanıstan və İtaliya əraziləri vasitəsilə Avropaya nəqli təmin olunacaq.

Hörmətli mərasim iştirakçıları, “Azəri-Çıraq-Günəşli”nin də ortağı olan milli neft şirkətimiz - “Türkiyə Petrolları” Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. 1991-ci ildən bəri Azərbaycanda investisiya fəaliyyətlərini həyata keçirən “Türkiyə Petrolları” nazirliyimizin təşviqi ilə beynəlxalq arenada ilk sərmayəsini Azərbaycana yatırıb. “Türkiyə Petrolları” Azərbaycandakı beynəlxalq layihələrdə iştirak edərək, fəaliyyətini gündən–günə inkişaf etdirib.

SOCAR ilə “Türkiyə Petrolları” arasındakı əməkdaşlıq şirkətimizin “Şahdəniz” layihəsinə qatılması ilə birlikdə 1996-cı ildə daha geniş vüsət alıb. 2014-cü ildə isə “Türkiyə Petrolları” “Şahdəniz” yatağındakı 10 faizlik hissə artımı ilə 19 faizlik paya sahib olaraq layihənin ikinci ən böyük sərmayədarı olub.

“Azəri-Çıraq-Günəşli” üzrə 1994-cü ildən etibarən 23 ildir bu layihənin ortağı olan “Türkiyə Petrolları” bu gün atılacaq imzalarla bu əməkdaşlığı və qarşılıqlı etimada söykənən tərəfdaşlığı 2050-ci ilə qədər uzadaraq layihəyə, Azərbaycana olan güvəni bir daha vurğulamaqdan qürur duymaqdadır.

Xanımlar və cənablar, Türkiyə olaraq biz enerjini münaqişənin və yoxsulluğun səbəbi olmaqdan daha çox, - cənab Prezident bir az əvvəl bəhs etdi, bir çox mənada bəzi ölkələrdə enerji münaqişələri yoxsulluğun və problemlərin mənbəyi olaraq görülsə də, - biz enerjinin sülhün və sabitliyin lokomotivi kimi qəbul edilməsinə inanırıq. Bu gün bu layihə ilə bağlı iş gördüyümüz bütün coğrafiyada ortaya qoyduğumuz əməkdaşlıq önəmli bir uğur rəmzidir. Bu baxımdan Türkiyə-Azərbaycan əməkdaşlığının dünyanın çətin sınaqlardan keçdiyi bu dövrdə bölgəmiz üçün gələcəyə istiqamətlənən örnək təşkil edəcək ortaqlıq olduğunu xüsusi bildirmək istəyirəm. Türkiyə Azərbaycandakı bütün layihələrə önəm verməyə və ölkədəki yeni təşəbbüslərdə əsas ortaqlardan biri olmağa davam edəcək. Azərbaycanın enerji mənbələri uğrunda artan beynəlxalq rəqabət mühitində “Türkiyə Petrolları” ölkələrimizin maraqlarını əsas tutaraq, Azərbaycandakı sərmayələrimi artırmağa davam edəcək.

Çıxışımın sonunda bu gün burada imzalanacaq tarixi Sazişin möhtərəm cənab Prezidentin timsalında Azərbaycan xalqına xeyirli olmasını, layihənin bütün iştirakçılarının və tərəfdaşlarının bu günə qədər olduğu kimi, 2050-ci ilə qədər davam edəcək bu tərəfdaşlıq prosesində də çox uğurlu və sərfəli əməkdaşlıq baxımından nümunə təşkil etməsini diləyir, dəvətinizə və iştirakınıza görə hamınıza minnətdarlıq edirəm.

 

X X X

 

Böyük Britaniyanın dövlət naziri Alan DUNKAN mərasimdə çıxış edərək dedi:

- Cənab Prezident.

Xanım Birinci vitse-prezident.

Bu gün mənə çıxış etmək şərəfini verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Mən burada xarici dövlətin bir naziri kimi yox, həm də neft sənayesində 20 il təcrübəsi olan bir şəxs qismində çıxış edirəm. Ona görə ki, bu təcrübə bu gün “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılması ilə bağlı olan əlamətdar imzalama mərasimində peşəkar həyatımın bu iki tərəfinin bir araya gəlməsini gördüyüm üçün mənə böyük zövq verir.

Bu, mənim Azərbaycana ilk səfərimdir. Lakin əlbəttə ki, bu, mənim sonuncu səfərim olmayacaq. Qeyd etməliyəm ki, Heydər Əliyev Mərkəzinin möhtəşəm arxitekturası mənə çox böyük təsir bağışladı. Bu, şəhər landşaftında gözəl bir təəssüratdır. Bu, Azərbaycanın müstəqilliyinin bərpasından bəri öz yolu ilə uğurla irəliləməsinin mükəmməl bir təcəssümüdür. Bu əsərin müəllifinin məşhur Britaniya memarı mərhum Zaha Hadidin olması faktı son onilliklər ərzində ölkələrimiz arasındakı əlaqələrin necə güclənməsinin və inkişaf etməsinin əyani sübutudur.

Əlbəttə ki, ən mühüm hadisələrdən biri 1994-cü ildə baş verdi, BP və SOCAR arasında “Əsrin müqaviləsi” imzalandı. O vaxtdan bəri bu iki qurum arasında çox mükəmməl uğurlu tərəfdaşlıq formalaşdı və tərəfdaşlığın növbəti fəslinin başlanmasının səfərimlə üst-üstə düşməsi məni məmnun edir. Rəhmətlik Prezident Heydər Əliyev Birləşmiş Krallığın dünya səviyyəli şirkətlərini zəngin təcrübələrini paylaşmaq, Azərbaycanda neft və qaz infrastrukturunu inkişaf etdirməyə kömək göstərmək məqsədilə dəvət etdiyi üçün öz uzaqgörənliyinə görə təqdir olunmalıdır. Ötən iyirmi üç il ərzində buraya milyardlarla dollar sərmayə yatırılmış və üç milyard bareldən çox neft dünya bazarlarına çıxarılmışdır. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yatağı Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verdi. Bu töhfənin sübutunu bu gün paytaxt Bakıda gəzdikdə şəxsən görməyim məndə möhtəşəm hisslər oyadır.

Müqavilənin uzadılmasının ölkələrimizə iqtisadi faydalar verəcəyinə görə məmnunluq hissi keçirirəm. Belə əlaqələrin qurulması ilə biz gələcək üçün uzunmüddətli çiçəklənməni və sabitliyi təmin edəcəyik. Birləşmiş Krallığın bizim ikitərəfli əməkdaşlığımıza ticarət tərəfdaşlığımıza verdiyi önəmin əyani sübutu kimi indi mən Baş nazir Tereza Meyin, cənab Prezident, Sizə ünvanladığı xüsusi məktubunu oxumaq istəyirəm.

Alan Dunkan Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

Sonra Böyük Britaniyanın dövlət naziri Alan Dunkan çıxışını davam etdirərək dedi:

- Möhtərəm cənab Prezident, xanımlar və cənablar.

Bu gün bu imzalanma mərasimində iştirak etmək mənim üçün böyük şərəfdir. Mən Bakıya səfərimin qalan hissəsini səbirsizliklə gözləyirəm. İnanıram ki, bu müqavilənin uzadılması nəticəsində gələcək illərdə hər iki ölkənin firavanlığı artacaq və onlar güclü ticarət əlaqələrindən faydalanmağa davam edəcəklər. İcazə verin, bu tarixi gündə hər birinizi səmimi qəlbdən təbrik edim.

 

X X X

 

Gürcüstanın energetika naziri Elia ELOŞVİLİ çıxış edərək dedi:

- Cənab Prezident.

Xanım Birinci vitse-prezident.

Bu gün həqiqətən böyük və tarixi bir gündür. Bu gün ölkələrimizin enerji müstəqilliyi və təhlükəsizliyi istiqamətində böyük bir nailiyyət əldə edilir və mühüm addım atılır. Bu qərar, sadəcə, müqavilənin əhatə etdiyi tərəfdaş ölkələrə deyil, milyonlarla insana fayda gətirəcək.

Gürcüstan etibarlı tranzit ölkə və Azərbaycanın strateji tərəfdaşı olaraq əməkdaşlığımızın bundan sonra da genişlənməsinə səy göstərəcək. Gürcüstan bu Sazişin imzalanmasını alqışlayır və əməkdaşlığımızın bundan sonra da inkişaf etməsi üçün Azərbaycan ilə strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək.

Cənab Prezident, bu gün Sizə Baş nazir Giorgi Kvirikaşvilinin müraciətini oxumaq şəxsən mənim üçün böyük şərəfdir.

Nazir Elia Eloşvili Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

 

X X X

 

Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu HORİ çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli həmkarlar, xanımlar və cənablar.

Yaponiya Hökuməti adından belə bir mötəbər tədbirdə çıxış etməkdən böyük şərəf hissi duyuram. İlk növbədə, “Əsrin müqaviləsi” adlanan “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050-ci ilə qədər uğurla uzadılması münasibətilə bütün tərəfləri təbrik etmək istəyirəm.

“Azəri-Çıraq-Günəşli” sabit enerji təminatını həyata keçirmək, enerji mənbələrini şaxələndirmək baxımından Yaponiya üçün çox mühüm əhəmiyyət kəsb edir. Yaponiya adından IMPEX və ITOCHU korporasiyaları “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində iştirak edib. Mən səmimi qəlbdən ümid edirəm ki, bu Yaponiya şirkətləri layihənin uğur qazanması üçün Azərbaycan Hökuməti və konsorsiumla əməkdaşlığı davam etdirəcəklər.

Xanımlar və cənablar, ötən həftə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olundu. Son 25 il ərzində iki ölkə arasında əməkdaşlıq əhəmiyyətli şəkildə inkişaf edib. Son illərdə qarşılıqlı fəaliyyətimiz siyasi və iqtisadi sahələrlə yanaşı, hər iki ölkə parlamentləri və bələdiyyələri arasında mübadilənin aparılması ilə genişlənib. “Azəri-Çıraq-Günəşli” yataqları üzrə uzunmüddətli əməkdaşlığımızın ikitərəfli əlaqələrimizin formalaşmasına təkan verməsi ilə bağlı heç bir şübhə yoxdur. Bununla da mən diplomatik əlaqələrimizin qurulmasının 25-ci ildönümünə təsadüf edən bu müqavilənin uzadılmasını alqışlamaqdan məmnunluq hissi keçirirəm.

Baş nazir Şinzo Abe diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə Prezident Əliyevə məktub ünvanlayıb. Həmin məktubda Baş nazir enerji sektorunda Yaponiya şirkətlərinin fəaliyyətini alqışlayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Yaponiya təxminən 1240,7 milyard yen məbləğində maliyyə dəstəyi ayırmışdır. Azərbaycanda iqtisadi infrastrukturun inkişafına və sosial xidmətlərin yaxşılaşdırılmasına ümumilikdə 1,1 milyard dollar vəsait yönəldilmişdir. Məsələn, Yaponiya “Şimal” Elektrik Stansiyasının podrat layihəsi, eləcə də kənd yerlərində su təchizatının yaxşılaşdırılması kimi iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsini nəzərdə tutan irimiqyaslı milli layihələrə dəstək verib. Bundan əlavə, Yaponiya insanların həyatına birbaşa töhfə verən uşaq bağçalarının, ictimai səhiyyə mərkəzlərinin təkmilləşdirilməsi ilə bağlı kənd yerlərində ümumilikdə 222 layihəni yerli qrant dəstəyi yolu ilə həyata keçirib.

Xanımlar və cənablar, Yaponiya insan resurslarının inkişafına da xüsusi önəm verir. Biz təlimçilər layihəsini həyata keçirmişik ki, bu layihə vasitəsilə təxminən 640 nəfər Azərbaycandan Yaponiyaya səfər edib. Yaponiya bu cür insan resurslarının inkişafını və mübadilə proqramlarının icrasını fəal şəkildə davam etdirmək niyyətindədir. Əlavə olaraq, IMPEX və özəl sektor tərəfindən təmin olunan digər təlim proqramları Azərbaycanda xeyli sayda istedadların inkişafına töhfə verib. Məsələn, 2016-cı ildə SOCAR ilə IMPEX arasında gənc mühəndislər üçün təlim proqramının icrasına başlanılıb. Hazırda SOCAR təlimçilərinin builki proqram çərçivəsində Yaponiyaya səfər etməsi məni məmnun edir. Ümid edirəm ki, belə mübadilə proqramları Azərbaycan və Yaponiya şirkətləri arasında çoxtərəfli əməkdaşlığa əlavə təkan verəcək.

Sonda ümidvaram ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri bütün sahələrdə inkişaf edəcək, bu müqavilənin uzadılması və diplomatik əlaqələrin 25-ci ildönümü bizim əməkdaşlığa yeni töhfələr verəcək. Diqqətinizə görə çox sağ olun.

 

X X X

 

BP şirkətinin baş icraçı direktoru Robert DADLİ çıxış edərək dedi:

- Cənab Prezident, xanım Birinci vitse-prezident, zati-aliləri, nazirlər, SOCAR-dan olan dostlarımız, möhtərəm qonaqlar.

Hər birinizin sabahı xeyir. Ümid edirəm ki, hər kəsin foyedə təşkil edilmiş sərgiyə baxmaq imkanı oldu. Sərgidə ötən 25 il ərzində baş vermiş bütün əlamətdar hadisələr öz əksini tapıb.

Bu, kifayət qədər uzun bir tarixçədir.

Möhtəşəm nailiyyətlərə görə cənab Prezidentə və onun hökumətinə minnətdarlığımı bildirmək istəyirəm.

Eləcə də, Rövnəq Abdullayevə və onun SOCAR-dakı heyətinə və bu gün burada iştirak edən bütün tərəfdaşlarımıza da təşəkkür edirəm.

Bütün bu nailiyyətlər yalnız mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Onun da xatirəsini dərin ehtiramla yad etmək istəyirəm. 1994-cü ildə imzalanmış və haqlı olaraq “Əsrin müqaviləsi” adlandırdığımız saziş məhz onun uzaqgörənliyinin bəhrəsidir.

Altı fərqli ölkədən olan on bir şirkət SOCAR ilə birlikdə ölkənin enerji yolunda yeni bir səhifə açdı.

1994-cü il sentyabr ayının məhz həmin əlamətdar günündə mərhum Prezident Heydər Əliyev “Azərbaycanın həyatında yeni dövrün başlandığını” demişdir. O, haqlı idi.

Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsində və eləcə də həmin ehtiyatların dünya bazarlarına nəql edilməsində möhtəşəm nailiyyətlər əldə olunmuşdur. Bu vaxtadək təxminən 33 milyard dollar investisiya qoyulmuş və 3,2 milyard barrel neft hasil edilmişdir. Həmçinin “Azəri-Çıraq-Günəşli” yatağından ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan Hökumətinə verilmişdir.

Buna görə də, haqlı olaraq qeyd etmək olar ki, cənab Prezident, məhz Sizin və atanız, mərhum Prezident Heydər Əliyevin enerji sahəsində verdiyi qərarlar bu möhtəşəm ölkənin iqtisadi inkişafına yol açıb və dünyanın enerji xəritəsini həmişəlik dəyişdirib.

Bu gün biz sazişin müddətini əsrin ortasınadək uzadırıq və bu, çox əlamətdar bir andır. Biz burada bu tarixi hadisəni qeyd etmək üçün toplaşmışıq və hesab edirəm, bunu “Yeni Əsrin müqaviləsi” adlandırmaq düzgün olar.

İcazə verin, cənab Prezident, Sizə, Hökumətinizə, SOCAR-a və Türkiyə, Norveç, Yaponiya, ABŞ və Hindistandan olan tərəfdaşlarımıza bu vaxtadək əldə etdiyimiz nailiyyətlər və bugünkü tarixi imzalanma münasibətilə təbriklərimi bildirim. Bu sazişin imzalanması “AÇG”nin tarixində növbəti mərhələyə qədəm qoymaqla tərəfdaşlığımızın yeni səhifəsini açmağa imkan verir.

Növbəti 32 il ərzində birgə işləyərək və “AÇG” üzrə potensial olaraq 40 milyard dollardan artıq həcmdə yeni sərmayə qoyaraq, biz Azərbaycanın neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etməyə davam edəcəyik.

Bu da öz növbəsində, Türkiyə və Gürcüstan əraziləri ilə əlverişli təchizat marşrutlarına malik olan bu regionun rolunu daha da gücləndirməklə onu bütövlükdə mühüm beynəlxalq enerji mərkəzinə çevirir.

Bütün bunlara dəstək vermək üçün, BP şirkəti olaraq, biz dünyada aparıcı mövqe tutan texnoloji imkanlarımızla, dünyanın bir çox yerindəki nəhəng yataqlar boyunca həyata keçirdiyimiz işlərdən qazandığımız təcrübələr və xüsusi biliklərimizlə töhfə verərək Azərbaycandakı 25 illik uğurlu fəaliyyətimizi davam etdirəcəyik. Xəzər dənizində də bu dünya səviyyəli infrastrukturun inkişafını davam etdirəcəyik. Elə ötən həftə “Şahdəniz” konsorsiumu ilə birgə sualtı tikinti işləri üçün dünyada ən qabaqcıl gəmilərdən biri olan “Xankəndi” gəmisini istismara verdiyimiz kimi.

Cənab Prezident, həmin mərasimdə iştirak etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Həmçinin qeyd etmək istəyirəm ki, BP-nin Azərbaycandakı öhdəliyi genişlənərək biznes və sosial inkişafın digər sahələrini də əhatə etməyə davam edəcək.

Cənab Prezident, Siz dəfələrlə qeyd etmisiniz ki, dünyada müasir inkişaf biliyə, texnologiyalara və təhsilə əsaslanacaq. BP şirkəti və bütün tərəfdaş şirkətlər Azərbaycanda bu sahələrin hər birinə töhfə verməyimizdən qürur duyuruq.

Bizim Azərbaycan qarşısındakı öhdəliyimiz nəhəng platformalar və uzun boru kəmərləri ilə bitmir. İqtisadiyyatı quran enerjini istehsal etdiyimiz kimi, biz hər mərhələdə təhsilə dəstək olmaqla yerli potensialın yaradılmasının da önəmli olduğuna inanırıq. Bu, uşaq bağçalarındakı uşaqlardan tutmuş universitetlərdə, o cümlədən Bakı Ali Neft Məktəbindəki Layihələrin İdarə Edilməsi Məktəbində və “ADA” Universitetindəki “Big Data” Mərkəzində yetişən gənclərlə yanaşı, sənayedəki yeni nəsil rəhbər şəxslərədək hər kəsi əhatə edir.

Biz bacarıqları inkişaf etdirməklə, yeni biznes imkanları yaratmaqla və gəlir mənbələrinin formalaşdırılmasına dəstək olmaqla yaşadığımız və fəaliyyət göstərdiyimiz regionlardakı icmalara yardım etməyin əhəmiyyətli olduğuna inanırıq.

Biz mədəniyyətə və müxtəlifliyə hörmətlə yanaşmağın və idman sahəsindəki təşəbbüsləri dəstəkləməyin önəmli olduğunu hesab edirik.

BP şirkəti olaraq, biz “Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqdan çox qürur duymuşuq.

Biz Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlıq sazişlərimizi uzatmaqla Azərbaycanın istedadlı idmançılarına dəstəyi davam etdirəcəyimizə ümid edirik.

Beləliklə, Azərbaycanın gələcəyi bir çox istiqamətlərdə parlaqdır və BP ölkənin davamlı inkişafının bir hissəsi olmaqdan qürur duyur.

İcazə verin, qarşıdan gələn uzun illər ərzində “AÇG”də yeni mühüm mərhələlərin təməlinin qoyulmasına başladığımız bir vaxtda bütün tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirim.

Çox sağ olun!

 

X X X

 

Sonra Azərbaycanın neft-qaz strategiyasına həsr olunan videoçarx nümayiş etdirildi. Videoçarxda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələrdən bəhs olunur.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı.

Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Bu Sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.

Sonda xatirə şəkli çəkdirildi.