Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəxtiyar SADIQOV: 100-ə QƏDƏM QOYARKƏN

14 Sentyabr 2017
Kasıb heç vaxt öz uşağına ad günü, “yubiley” keçirmir.

Təmtəraqlı ad günü, restoranda banket, bahalı hədiyyələr - varlı balasının payına düşür.
Uşağın hansı ailədə doğulması isə tale qismətidir!
Sağlıqlarında nə Nizami, nə də Füzuli yubiley gördü!
Amma sonradan qədirbilən insanlar bu söz dahilərinə dəfələrlə təmtəraqlı yubileylər keçirərək xatirələrini ehtiramla yad etdilər!
Bəzən nə sağlığında, nə də sonradan adı anılmayan xidmət sahibləri olur.
Özləri cansız olsalar da belə!
Yalnız nadir şəxsiyyətlər onları anıb qiymətlərini verməyi bacarırlar.

 

Ulu öndərin verdiyi qiymət

 

Tale Azərbaycan xalqına Yaxın Şərqdə ilk demokratik dövlət qurmağa imkan yaratdı. XX əsrin əvvəllərində meydanda olan, ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən vətənin qeyrətli və fədakar övladları bu imkandan bəhrələnə, müstəqillik arzusunu gerçəkləşdirə bildilər. Amma müstəqilliyi arzulamaq, onu elan etmək asandır, müstəqil dövləti qurub yaşatmaq, dünyaya tanıtmaq, qəbul etdirmək, qoruyub saxlamaq isə qat-qat çətindir. Bu məsələdə məqsədyönlü və əməli fəaliyyətlə yanaşı təbliğat və təşviqat işlərini düzgün qurmağın, xalqı səfərbərliyə almağın, görülən işləri və qarşıda duran vəzifələri ölkə vətəndaşlarına düzgün çatdırmağın da əhəmiyyəti böyükdür.
Odur ki, Xalq Cümhuriyyətinin qurucuları yeni dövrün yeni qəzetini buraxmaq barədə qərar qəbul etdilər.
Beləliklə, “Azərbaycan” çox çətin və ağır dövrdə dünyaya göz açdı!
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. “Azərbaycan” qəzetinin isə vur-tut 443 nömrəsi işıq üzü gördü. Xalqımızın müstəqillik tarixində yeni dövrün başlandığını car çəkən, azad, müstəqil Azərbaycanın mətbu qaranquşu sayılan “Azərbaycan” obyektiv salnaməyə çevrilərək bu dövrün tarixini öz səhifələrinə həkk edərək əbədiləşdirdi!

Ulu öndər Heydər Əliyev “Azərbaycan”ın 80 illiyi münasibətilə imzaladığı təbrik məktubunda qəzetin fəaliyyətinə yüksək qiymət verirdi:
“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış “Azərbaycan” qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran “Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir”.

 

Gəlişi çətin oldu

 

XX əsrin başlanğıcı çox təlatümlü oldu: inqilablar, müharibələr, xalqların milli-azadlıq hərəkatları... Bütün bunlar ölkələri çalxalandırdı, bir sıra sərhədləri dəyişdi, çoxsaylı insan tələfatına səbəb oldu. 1905-1907-ci illər inqilabının laxlatdığı, birinci cahan müharibəsinin sarsıtdığı Rusiyanı daha bir “sürpriz” - bolşeviklərin çevrilişi gözləyirdi. “Xalqların həbsxanası” adlandırılan çar Rusiyası parçalanmaq ərəfəsinə çatmışdı. Lakin Leninin rəhbərlik etdiyi bolşeviklər Bakı neftini əldən vermək fikrində deyildilər. Yaranan qarışıqlıqdan düşmənlərimiz də istifadə etməyə çalışırdılar.
Beləliklə, bolşeviklərlə erməni millətçiləri birləşərək “əks-inqilabçılara qarşı mübarizə” adı altında xalqımıza divan tutmağa başladılar. Bolşeviklər tərəfindən silahlandırılan, Stepan Şaumyanın başçılığı ilə hərəkət edən quldur dəstələri 1918-ci ilin martında əvvəlcə Bakıda dinc əhaliyə qarşı kütləvi qırğın və talanlar törətdilər. Otuz mindən çox qadın, uşaq, qoca da daxil olmaqla Bakı sakini qətlə yetirildi. Sonra quldur dəstələri ölkənin içərilərinə doğru hərəkət edərək Şamaxı, Quba və Qusarda, habelə Muğanda vəhşiliklər törətdilər. Əgər Qafqaz İslam Ordusu köməyə gəlməsəydi, hadisələrin necə qurtaracağını söyləmək çətin idi.
“Azərbaycan”ın ilk nömrəsi qırğınlardan bir neçə ay sonra - 15 sentyabr 1918-ci ildə işıq üzü gördü. Bu vaxta qədər ölkə paytaxtı bolşevik-daşnak birləşmələri tərəfindən işğalda saxlanıldığından Azərbaycanın Müstəqillik Bəyannaməsi Tiflisdə elan edilmiş, təşkil olunan yeni hökumət isə Gəncədə fəaliyyətə başlamışdı. Odur ki, “Azərbaycan” qəzetinin ilk nömrəsi də Gəncədə, Yelizavetpol qubernatorunun mətbəəsində çıxarılmışdı.
Nuru Paşanın komandanlığı altında bir sıra döyüşlər aparan Qafqaz İslam Ordusu sentyabrın 14-ü gecə saat 02.00-da Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi. “Azərbaycan”ın ilk nömrəsi də məhz bu şanlı hadisəyə həsr olunmuşdu. Bütövlükdə Gəncədə qəzetin dörd nömrəsi, həm də iki dildə - Azərbaycan və rus dillərində nəşr olundu. Sonra redaksiya Bakıya köçürülərək öz fəaliyyətini burada davam etdirdi.
Bakıda buraxılan ilk nömrələrində “Azərbaycan” adının altında “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazılmışdı.
Altıncı nömrəyə qədər qəzet “heyəti-təhriyyə” (redaksiya heyəti) imzası ilə nəşr olunmuşdu.

 

Şərəflə yaşadı

 

“Azərbaycan” öz dövrünün ensiklopedik nəşri sayılırdı. Onun toxunmadığı mövzu, yazmadığı məsələ qalmayıb. Həm də qəzetin səhifələri bütün siyasi partiya təmsilçilərinin, hər cür alternativ fikir sahiblərinin, bütün mövqeli insanların üzünə açıq olub. Burada açıq, cəsarətli müzakirələr, mübahisələr gedib.
Daha bir vacib məqam: “Azərbaycan” daim Məclisi-Məbusanda - parlamentdə gedən müzakirələri geniş işıqlandırırdı. Bəzən millət vəkillərinin çıxışlarının stenoqramını verirdi. Çox halda isə Üzeyir bəy Hacıbəylinin parlament iclaslarından reportaj və şərhləri qəzet səhifəsinə çıxarılırdı. Mətbuat tariximizin yorulmaz tədqiqatçısı professor Şirməmməd Hüseynovun böyük zəhməti və şəxsi təşəbbüsü nəticəsində ərsəyə gələn “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)” üçcildlik kitabını oxuyarkən dediklərimizin bir daha şahidi oluruq.
“Azərbaycan”ın aktual və “səriştəli” çıxmasının bir səbəbi isə onun müəllifləri və daimi yazarları ilə bağlı idi. Qəzetin həm redaktorları, həm də əməkdaş və müəllifləri dövrün siyasi proseslərinin mərkəzində olanlar, hadisələrin birbaşa iştirakçıları, müasir dünyagörüşlü və təcrübəli qələmə malik insanlar, millət vəkilləri idi. Qəzetdə ən çox görünən imzalar C.Hacıbəyli, Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.İbrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi, H.İ.Qasımov, M.Şaxtaxtlı, A.Ziyadxanlı, Ə.Müznüb, Ə.Cavad və başqalarıdır.
Qəzetin daimi rubrikaları da vardı: “Azərbaycan Məclisi Məbusanında”, “Hökumət qərarları”, “Rəsmi xəbərlər”, “Xarici xəbərlər”, “Azərbaycanda”, “Türkiyədə”, “Teleqraf xəbərləri” və s.

 

“Azərbaycan”ın redaktorları

 

Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin (Azərbaycan və rus dili variantlarının) dörd redaktoru olub. Nömrələr üzrə redaktorlar belə paylaşıb: 6-cı nömrədən “Azərbaycan”, 5-ci nömrədən isə rus dilindəki “Azərbaycan”ın redaktorları Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli, 50-ci nömrədə müdir göstərilmir, 51-ci nömrədən 1919-cu ilin 16 yanvarında çıxmış 89-cu nömrəyə qədər müdir və baş mühərrir Ceyhun bəy Hacıbəyli, 89-cu nömrədən 4 iyul 1919-cu il tarixli 216-cı nömrəyə qədər müvəqqəti müdir Üzeyir bəy Hacıbəyli, 4 iyul 216-cı nömrədən 1 sentyabr 265-ci nömrəyə qədər müvəqqəti müdir Xəlil İbrahim, 1 sentyabr 265-ci nömrədən 31 dekabr 1919-cu il tarixli 358-ci nömrəyə və 1 yanvardan 28 aprel 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla müdir Üzeyir bəy Hacıbəyli olmuşdur.
ÜZEYİR BƏY HACIBƏYLİDƏN başqa “Azərbaycan”ın bütün redaktorlarının həyatı məşəqqətli və faciəli sonluqla başa çatmışdır. Üzeyir bəy Hacıbəylini isə musiqi dühası həbs, sürgün və ya güllələnmədən xilas etmişdir! Sovet dövründə ona hücumlar olmuş, müsavatçı damğası vurmaqla həbsinə cəhdlər göstərilmişdir. Belələrinə cavab da vermişdi: “Danışırlar ki, “Azərbaycan” qəzeti guya “Müsavat” partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. “Azərbaycan” qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
Üzeyir bəy öz xoşu ilə heç bir partiyaya üzv olmamışdır. Lakin 1938-ci ildə Stalinin göstərişi ilə namizədlik stajı keçmədən birbaşa Sov.İKP sıralarına qəbul edilmiş və öz əcəli ilə dünyasını dəyişmişdir.
CEYHUN BƏY HACIBƏYLİ “Azərbaycan” qəzetinin ilk redaktorlarından biri olub. 1891-ci ildə anadan olan Ceyhun bəy Üzeyir bəyin qardaşı idi. Dünyagörüşünün formalaşmasında və jurnalistika sahəsindəki uğurlarında qardaşı Üzeyir bəyin böyük rolu və təsiri olmuşdur. 1910-1916-cı illərdə Peterburq Universitetində oxumuş, sonra isə Fransanın Sorbonna Universitetini bitirərək vətənə qayıtmış, “İrşad”, “Tərəqqi”, “İttihad”, “Bakı”, “Proqres”, “Kaspi” və başqa mətbu orqanları ilə əməkdaşlıq edərək yüzlərlə məqalə yazmışdır. Onun “Azərbaycan”a rəhbərliyi dövründə qəzetin ətrafına dövrün tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, millət fədailəri toplaşmışlar.
1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Versal Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin tərkibinə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Əkbərağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov və Miryaqub Mirmehdiyevlə bərabər Ceyhun bəy Hacıbəyli də daxil edilir. Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtmağa nail olmaq idi. 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə davam edən həmin konfransda Antanta Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətini tanıdı. Bu, sovet Rusiyasının qəzəbinə səbəb oldu.
Ceyhun bəy Parisdə olarkən AXC süqut edir. Sovet hökumətinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini ona heç zaman bağışlamayacağını yaxşı bilən Ceyhun bəy vətənə qayıtmağa ehtiyat edirdi. Üzeyir bəyin də qardaşının bağışlanaraq geriyə dönməsi üçün dəfələrlə əlaqədar təşkilatlara müraciəti cavabsız qalır.
Ceyhun bəy Hacıbəyli xaricdə çox çətin durumda yaşayırdı. Üzeyir bəyin öz ömrünün sonuna qədər göndərdiyi müəyyən məbləğ pul yardımı olmasaydı, kim bilir, güzəranı necə keçərdi. Hələ bu azmış kimi, öz adını daşıyan oğlu Ceyhunun 1937-ci ildə Paris Hərbi Akademiyasını bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedərək döyüşdə həlak olması onun vətən həsrətinin üzərinə oğul dərdi də gətirir...
Xaricdə Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini yetərincə təbliğ edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vəfat edərək Parisin Sen-kulu qəbiristanlığında torpağa tapşırılıb.
ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ “Azərbaycan”ın rus variantının ilk redaktoru olub. O, eyni zamanda, Azərbaycan Parlamentinin deputatı idi. 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulmuş, orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdı. 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1916-cı ildə oranı bitirmişdi. Kiyev həyatı onun ictimai-siyasi xadim kimi yetişməsində böyük rol oynamışdır. Universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən olmuşdur. 1917-ci ildə Bakıda keçirilən Azərbaycan müsəlmanlarının qurultayında, habelə həmin ilin may ayında Moskvada baş tutan Rusiya müsəlmanlarının qurultayında iştirak etmişdir. Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir. O, “Azərbaycan” qəzetinin baş redaktoru və parlament üzvü olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifələrini icra etmişdir.
1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. 1921-ci ilin fevralında Gürcüstan da Qızıl Ordu tərəfindən işğal edildikdən sonra Türkiyəyə - İstanbula köçür və ömrünün qalan hissəsini mühacirətdə sıxıntı içərisində keçirir.
...Şahidlər söyləyirlər ki, parlamentin son iclasında M.Ə.Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür. Ağlayan “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi!
O, gənc bir dövlətin süqutuna və gələcəkdə yaşayacağı həsrət dolu kədərli ömrünə sanki irəlicədən yas tuturdu...
XƏLİL İBRAHİM ibtidai təhsilini Şuşada almış, realnı məktəbini isə Bakıda bitirmişdi. Bədii və publisistik yaradıcılıqla məşğul olan Xəlil İbrahim mücadilə tariximizə ədəbiyyat, mədəniyyət xadimi, eyni zamanda, ictimai xadim, tənqidçi, teatrşünas və tərcüməçi kimi daxil olmuşdur. Xalq Cümhuriyyəti yıxıldıqdan sonra Xəlil İbrahim qürbətə üz tutmayaraq vətənində qalır, ədəbi-bədii yaradıcılıqla məşğul olur.
1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi olur. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edir və komissiyanın “Dilimizin silahı” adlı mətbu orqanının redaktoru olur. 1930-cu ildən başlayaraq “Azərnəşr”də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsinə xüsusi əmək sərf edir. İctimai xadim Xəlil İbrahim ictimai-siyasi məsələlərlə bağlı, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.
Heç kim unudulmur, heç nə yaddan çıxmır! Qırmızı hökumət Xəlil İbrahimin bir zamanlar “Azərbaycan” qəzetinə redaktorluq etdiyini unutmamışdı. 1938-ci ilin qaranlıq gecələrinin birində Xəlil İbrahimin də qapısı döyüldü. Bir neçə gün çəkən “ənənəvi” sorğu-sualdan sonra “Azərbaycan”a redaktorluq etmiş bu insanı “xalq düşməni” ittihamı ilə 25 martda - 45 yaşı tamam olan gün güllələdilər!

 

Təqiblər, qadağalar, cəzalar

 

“Azərbaycan”ın sonuncu nömrəsi 28 aprel 1920-ci ildə çıxdı. Nahaq qan tökülməsinə, günahsız insanların ölümünə yol verməmək üçün Milli Şura hakimiyyətin könüllü şəkildə XI Qızıl Orduya təhvil verilməsi barədə qərar qəbul etdi. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi süquta uğradı, “Azərbaycan” qəzetinin nəşri dayandırıldı.
Azərbaycanı işğal edən bolşeviklər aprelin 30-da “Azərbaycan”ın da redaksiyasını və mətbəəsini işğal etdilər. Mətbəəyə yeni ad - “Revkomun mətbəəsi” (İnqilab Komitəsinin mətbəəsi) adı qoyuldu. Nəticədə “Azərbaycan” qəzetinin maddi-texniki bazası və kollektivi əsasında müstəqilliyə əks mövqedə dayanan, yad ideologiyanı təbliğ edən “Kommunist” qəzetinin nəşrinə başlanıldı. 1920-ci ilin may ayının 1-dən “Kommunist”in rusca, daha sonralar isə hətta ermənicə nəşri yoluna qoyuldu.
Əslində SSRİ rus imperiyasının başqa adda və başqa formada davamı idi. Müxtəlif ölkələr və xalqlar zorla vahid ideologiya - kommunist ideologiyası ətrafında birləşdirilsə də, “xalqlar dostluğundan”, “proletar beynəlmiləlçiliyindən”, “vahid ailə”dən dəm vurulsa da, mahiyyətcə “müttəfiq respublikalar” istismar olunur, bütün maddi sərvətlər vahid mərkəzə daşınır və yenidən “bölüşdürülürdü”.
Sovet dövründə “özgə cür” düşünmək və danışmaq, yazmaq qəti qadağan idi və dərhal həbsxana, sürgün, güllələnmə və digər formalarda cəzalandırılırdı. Həm də təkcə deyən və yazan insanın özü yox, bütün ailə üzvləri də! Və buna dair kifayət qədər dəhşətli faktlar, misallar çoxdur. Odur ki, SSRİ-yə daxil olan xalqlar və ölkələr nəinki müstəqil dövlət olacaqlarını və qırmızı imperiyadan kənarda yaşayacaqlarını, hətta bir vaxtlar belə olduqlarını da unutmalı idilər. Keçmişi unutdurmaq üçün dəfələrlə əlifbamız dəyişdirilərək xalq arxiv sənədlərindən, yaxın və uzaq tarixindən bəhs edən ədəbiyyatdan kənarlaşdırıldı. Belə bir siyasət təkcə insanların deyil, kitabların, qəzet və jurnalların da repressiya edilməsinə səbəb oldu. 28 apreldən qapadılan “Azərbaycan” qəzeti arxivlərin ən qaranlıq və əlçatmaz küncünə atıldı, üzərinə “qadağa” qrifi qoyuldu, nəinki xalqdan, hətta alim və tədqiqatçılardan da gizlədildi. “Azərbaycan”dan danışmaq, yazmaq, oradakı məqalələri oxumaq qorxulu sayılırdı. Qəzetin 443 nömrəsi elə gizlədilib, təhlükəli şey elan edilib ki, indi də onun bütün nömrələrini tapıb oxumaq mümkün deyil!
Halbuki sələf kimi qəbul etdiyimiz AXC-nin rəsmi orqanı təkcə alim və tədqiqatçılar üçün yox, hamıya açıq və əlçatan olmalıdır! Bunun üçün arxivlərdən çıxarılaraq transliterasiya olunmalı, kitab şəklində buraxılmalı, elmi məqalə və dissertasiyaların tədqiqat predmetinə çevrilməlidir.
Əslində dövlət əhəmiyyətli və mənəvi məsələ sayılan bu iş təkcə ayrı-ayrı insanların şəxsi təşəbbüsünün, vətənpərvərlik və fədakarlığının ümidinə qoyulmalı deyil! Sovet ideologiyasının “Azərbaycan” qəzetində yazılanlardan ehtiyat etməsinin səbəbləri başadüşüləndir. İndiyədək qəzetin kifayət qədər gün işığına çıxarılmaması isə anlaşılmır!
Sovet dövründə təkcə qəzetin çapdan çıxmış nömrələri, redaktorları deyil, müəllifləri də təqiblərə, repressiyaya məruz qalmışdır. Əlbəttə, onlar təkcə vaxtilə “Azərbaycan”a yazdıqlarına görə cəzalandırılmırdılar. Əslində həmin insanlar işıqlı zəka sahibləri, xalqımızın qaymaq ziyalıları idilər.
... Salman Mümtaz daim Xalq Cümhuriyyətini sevər və alqışlayar, qəzetdə müxtəlif məqalə və şeirlərlə çıxış edərdi. 1937-ci ildə “ənənəvi ittiham”la həbs edilərək güllələndi.
Görkəmli yazıçı Seyid Hüseyn qəzetin tanınmış əməkdaşlarından idi. Gecələrin birində Qum adasına aparılaraq sorğusuz-sualsız güllələndi. Onun ömür-gün yoldaşı, dörd uşaq anası, qəzetin qadın yazarı Umgülsüm Sadıqovaya da rəhm olunmadı. Hətta “ellər atası Stalinə” ünvanladığı ürək dağlayan məktubları da kara gəlmədi. Balalarından ayıraraq Mordva vilayətinə sürgünə göndərdilər.
Qəzetdə daim məqalələrlə çıxış edən Ə.M.Topçubaşovun, Ə.Cavadın, F.Ağazadənin, Ə.Müznübün və digərlərinin də həyatı faciə ilə başa çatdı.

 

Müstəqilliyimizin qeyri-rəsmi atributu

 

Xoş müjdə ilə - Bakının bolşevik-daşnak işğalından azad edilməsi xəbəri ilə nəşrə başlayan “Azərbaycan” qəzeti hakimiyyətin XI Qızıl Orduya verilməsi ilə ömrünü başa vurdu. Diqqətlə baxdıqda görərik ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə onun rəsmi orqanı olan “Azərbaycan” eyni taleyi yaşamışdır. Belə ki:

* Azərbaycan dövlət müstəqilliyi qazandı, demokratik respublika quruldu - “Azərbaycan” qəzeti yarandı və uğurla fəaliyyət göstərdi.
* Azərbaycanın dövlət müstəqilliyi süquta uğradı - “Azərbaycan”ın nəşri dayandırıldı.
* SSRİ-nin mövcudluğunun yetmiş üç ili ərzində AXC haqqında danışmaq yasaq edildi - “Azərbaycan” qəzeti qadağan olunaraq arxivlərdə gizlədildi!
*Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə nail oldu, ulu öndər Heydər Əliyev bu müstəqilliyi əbədiliyə və dönməzliyə çevirdi. - “Azərbaycan” yenidən nəşrə başladı və bu gün xüsusi həvəs və coşqunluqla müstəqilliyin nailiyyətlərindən, möhtəşəm quruculuq işlərindən yazır!

Artıq “Azərbaycan”ın üzərindən “qadağa” qrifi götürülüb. Hətta tədqiqatçılarımız onun haqqında sanballı məqalələr yazmağa, araşdırmalar aparmağa başlamışlar. Qəzetin Cümhuriyyət dövrü fəaliyyəti haqqında maraqlı fikir və qənaətlər də söylənilir. “Azərbaycan”ı tədqiq edən alimlər - professorlar Şirməmməd Hüseynov, Nizami Cəfərov, Şamil Vəliyev, Alxan Bayramoğlu, Asif Rüstəmli, Abil Tahirli və başqalarının Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmi dövlət qəzeti kimi çıxan “Azərbaycan” haqqında yekdil rəyləri belədir:
“Azərbaycan” dövrünün ən populyar və oxunaqlı qəzeti olub. Rəsmi materialların dərci, ciddi analitik yazılarla bərabər siyasi fikir rəngarəngliyinə də böyük yer verilib. Qəzetin mövzu dairəsi geniş olub. Burada Azərbaycan və dünya dövlətlərinin tarixi, onların çağdaş ictimai-siyasi həyatı və mədəni-quruculuq işləri haqqında yazılar sistemli şəkildə yer alıb. Dünyada baş verən inqilablar, parlamentarizm hərəkatı, konstitusiya quruculuğu məsələləri, dövlət quruculuğu və idarəçiliyi barədə müntəzəm yazılar yazılıb.
Qəzetin səhifələrində parlamentdə müzakirə olunan bütün məsələlərlə bağlı həm ciddi analitik, həm də publisistik və satirik materiallar verilib, fəhlə və kəndli həyatına, ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərə, bolşevik təhlükəsinə, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına, məktəb və maarif məsələlərinə böyük diqqət yetirilib. Janr müxtəlifliyinə daim əməl olunub, müxtəlif xəbər və informasiyalarla yanaşı məqalə, müsahibə, felyeton, hesabat, şərh, şeir və s. dərc olunub. Beləliklə, həm də yeni peşəkar jurnalistlər nəslinin yetişməsinə, özünü ifadə etməsinə şərait yaradılıb.
Dövrünün salnaməsinə çevrilən “Azərbaycan” mətbuat tariximizin ilk rəsmi dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst düşüncənin, fikir plüralizminin mötəbər tribunasına çevrilmişdi. Dövlətçiliyə və qanunlara sədaqət nümayiş etdirməklə yanaşı, müstəqil mətbuat orqanı imicini də qazanmışdı. Bütövlükdə “Azərbaycan” operativliyi, obyektivliyi, peşəkarlığı, qərəzsizliyi ilə Cümhuriyyət dövrünün jurnalistika universiteti səviyyəsinə yüksəlmişdi.

***

Artıq 99 yaşımız bitir!
100-ə qədəm qoyuruq!
Allahın hər kəsə qismət etmədiyi yaşdır!
Bu yüz ildə başımıza çox müsibətlər gəldi - daşnaklar bolşeviklərlə birləşərək bizə qarşı milli qırğın törətdilər, xalqın görkəmli şəxsiyyətləri, düşünən beyinləri dəfələrlə repressiyaya məruz qaldı, 1948-1953-cü illərdə Stalinin əli ilə soydaşlarımız Ermənistan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə sürgün olundular, nəhayət yenidən müstəqilliyə qədəm qoyduqda ermənilər havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edərək 20 min vətən övladını şəhid etdilər. Əgər xalqımızın sınanmış və sədaqətli oğlu Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, kim bilir, daha hansı müsibətləri yaşayacaqdıq!
Bu gün Azərbaycan özünün inkişaf və tərəqqi dövrünü yaşayır, dünyada nüfuz sahibinə, sözü keçən dövlətə çevrilir. Bütün bu uğurların memarı və icraçısı Prezident İlham Əliyevdir. Onun rəhbərliyi və komandanlığı altında işğal altındakı torpaqların geriyə qaytarılmasına başlanmışdır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi böyük qayıdışın simvoluna çevrilmişdir.
Yetmiş üç il qadağa altında qalan “Azərbaycan” bu gün müstəqil dövlətimizin uğur və nailiyyətlərindən, demokratik dövlət quruculuğu, mətbuat və söz azadlığından, jurnalistlərə qayğıdan və xalqın rifahının yüksəldilməsindən, idman və mədəniyyət sahəsindəki könülaçan yeniliklərdən məhəbbət və yaradıcılıqla söhbət açır.
Mürəkkəb, çətin və qanlı dövrdə meydana gələn, məşəqqətli və kədərli ömür yaşayan “Azərbaycan” dövlət müstəqilliyinin yaratdığı imkanlardan xalqımızın sevinc və fərəhlə bəhrələndiyi vaxtda 100 yaşını qeyd etməyə hazırlaşır!

 

Bəxtiyar SADIQOV