Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BTC marşrutunun son məntəqəsi

14 Sentyabr 2017
 

İndiyədək Ceyhan terminalından dünya bazarına 337 milyon tondan çox Azərbaycan nefti çıxarılıb

 

Keçən ay Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-avqust aylarında isə kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb.

Ümumiyyətlə, BTC istifadəyə verildiyi gündən indiyədək 339 milyon 600 min 342 ton neft daşıyıb. Bundan başqa, cari ilin avqust ayında boru xətti ilə 549 min 434 ton Türkmənistan nefti də nəql olunub.

BTC Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Türkiyədə Aralıq dənizinin sahilinədək 1768 kilometrlik yol keçir. Kəmərin apardığı yükün çatdığı son ünvan Ceyhan dəniz terminalıdır. Türkiyə dövləti və xalqı Ceyhan terminalına ulu öndər Heydər Əliyevin adını verib.

Əslində kəmərin marşrutu İsgəndərun körfəzində bitir. Terminal da elə buradadır. Bu, geniş, innovativ texnologiyalarla təchiz edilmiş müasir obyektdir. Ona görə də Xəzər neftinin dünya bazarına çıxarılmasından əvvəlki son məntəqə kimi böyük əhəmiyyətə malikdir.

Odur ki, sutkada 1,2 milyon barel neft daşımaq gücündə olan belə nəhəng kəmərin fəaliyyətində bu terminalın rolunu şərh etməyə ehtiyac yoxdur.

Ceyhan terminalında hər birinin tutumu 1 milyon barel olan 7 böyük saxlama çəni var. Neftin tankerlərə yükləndiyi yanalma körpüsünün uzunluğu 2 kilometrdir. Burada eyni vaxtda iki tankerə neft doldurulması mümkündür. Tankerlərə yüklənən neftin miqdarı 600 min bareldən 2 milyon barelədək dəyişə bilər. Yanalma körpüsünün qurtaracağında suyun dərinliyinin 33 metr olması imkan verir ki, buraya ən iri tonnajlı tankerlər yaxınlaşsın. Belə tankerlərin uzunluğu adətən 250 metrdən çox olur və onlar 2 milyon barel neft daşımaq gücündədirlər.

Ceyhan terminalının ən müasir standartlara cavab verdiyini təsdiqləyən faktlardan biri də odur ki, burada “sürətli giriş-çıxış” əməliyyatları təmin olunub. Yəni gəmilərin qısa müddətdə neftlə doldurulması mümkündür. Belə ki, körpüdə tankerləri yüksək templə saatda 9600 kubmetr sürəti ilə yükləmək olur. Nəticədə onlar nəzərdə tutulan vaxtdan tez yola salınır.

Terminalda bir sıra texnoloji yeniliklər də tətbiq edilir. Bunlardan biri UÜB sistemidir ki, gəmilərin çənindən karbohidrogen qazlarının ətraf mühitə yayılmadan təmizlənməsinə imkan verir. Ceyhan terminalında eləcə də dənizlərin gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair beynəlxalq MARPOL konvensiyasının normativlərinə ciddi riayət edilir. Bu o deməkdir ki, obyekt gəmilərdən atılan tullantıların təmizlənməsinə dair beynəlxalq standartlara cavab verir. 

Nəhayət, Ceyhan terminalı BTC kəmərinin Türkiyədən keçən 1078 kilometrlik hissəsinin “sinir mərkəzi”dir. Belə ki, kəmərin bu hissəsinin bütün əməliyyatları  terminaldan idarə edilir. Xatırladaq ki, Ceyhan terminalının operatoru BTC tərəfdaşlarının adından fəaliyyət göstərən BİL (BOTAŞ İnternational Limited) şirkətidir. Buradan dünya bazarına “British Hawthorne” adlı ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb. Həmin vaxtdan indiyədək terminalda yüklənən tankerlərin sayı 3500-ü ötüb.

SOCAR-ın verdiyi son məlumata görə, bu ilin avqust ayı ərzində Ceyhan limanından dünya bazarına 2 milyon 531 min 737 ton Azərbaycan nefti çıxarılıb. Yanvar-avqust aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton təşkil edib. Ümumiyyətlə, BTC-nin istismara verildiyi gündən bu il sentyabrın 1-ə qədər Ceyhandan dünya bazarına 337 milyon 74 min 138 ton Azərbaycan nefti yola salınıb.  

 

Flora SADIQLI,

“Azərbaycan”