Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qafqazın hərbi gücü

14 Sentyabr 2017
 

Beynəlxalq qurumlar və ekspertlər Azərbaycanın hərbi qüdrətinin gündən-günə artdığını bəyan edirlər

 

Ordu hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə kimi dövlət quruculuğunun tərkib hissələrindən biridir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazın ən güclü və modern ordusuna sahibdir.
Bu gün Azərbaycan Ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü artırıb. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü bu sahəyə ayrılan büdcə vəsaitinin dinamik artımında da göstərir. Son 10 il ərzində hərbi xərclər 20 dəfədən çox artıb. Hər il dövlət büdcəsindən ayrılan vəsait ordunun maddi-texniki bazasının daha da gücləndirilməsinə xidmət edir.
Həm texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında qərarlaşan Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Bu faktı beynəlxalq analitik mərkəzlərin mütəmadi açıqladıqları reytinq siyahıları da təsdiqləyir. Bu günlərdə “Global Fire Power” mərkəzi dünyanın ən yaxşı ordularının yenilənmiş reytinqini tərtib edib. Ümumilikdə 133 ölkənin yer aldığı siyahıda Azərbaycan Ordusu ötən dəfəki reytinqlə müqayisədə irəliləyərək 58-ci pilləyə yüksəlib. Reytinqə ABŞ ordusu başçılıq edir. İkinci yerdə isə Rusiya ordusudur. İlk “onluğa” Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir orduları daxil olub.
İşğalçı Ermənistanın ordusu isə siyahıda 93-cü yeri tutub. Qonşu Gürcüstan ordusu isə siyahıda 82-cidir.
Qeyd edək ki, sözügedən beynəlxalq mərkəzin açıqladığı reytinq 50 meyar üzrə müəyyənləşdirilir. Bu zaman ölkənin hava, su və qurudakı potensial imkanları qiymətləndirilir. Həmçinin, insan resursları, maliyyə, coğrafiya amilləri nəzərə alınır. Eyni zamanda əsas diqqət silahların sayına deyil, müxtəlifliyinə göstərilir.
Bu gün Ermənistan öz ordusunu yeni hərbi texnika ilə təchiz edə bilmədiyi halda, Azərbaycan hərbi tərəfdaşlarının sayını gündən-günə çoxaldır və istənilən ölkədən ən müasir hərbi texnika, silah-sursat alaraq öz müdafiə gücünü artırır. Hərbi xərclərin artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin və digər hərbi təyinatlı məhsulların daim yenilənməsinə və təkmilləşdirilməsinə şərait yaradıb. Elmin son nailiyyətləri nəzərə alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə dünyanın aparıcı silah istehsalçıları tərəfindən hazırlanan yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik döyüş texnikasının, silah-sursatın və digər hərbi vasitələrin Silahlı Qüvvələrimizin təchizatına daxil edilməsi davam edir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın planauyğun çatdırılması bunun əyani sübutudur. İyunun 24-də və iyulun 10-da Rusiyadan Bakı limanına gətirilən çoxlu sayda müasir döyüş texnikası, silah, sursat, artilleriya və raket sistemləri üçün mərmilər, raketlər və digər hərbi-texniki əmlak cəbhəboyu zonaya göndərildi. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə silahlı qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını daha da artırdı. İndi Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası Ermənistanın istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.
İyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bu il də silahlı qüvvələrinin hərbi potensialının gücləndirilməsinə böyük diqqət göstərib: “Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası Ermənistanın istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Ordumuzun 2017-ci ildə aprel zəfəri bunu bir daha təsdiqlədi. Düşmənin qəfil hüçumuna qarşı əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desək, 2 min hektar torpağı azad etdi. Bu uğurlu həmlə bütün Azərbaycan xalqında yüksək əhvali-ruhiyyə və torpaqlarımızın qısa müddət ərzində işğaldan azad olunmasına qəti ümidlər yaratdı.
Bütün ehtiyacları təmin olunan ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhvali-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara mübarizə əzmi aşılayan dövlət başçısı bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Bir sözlə, artıq Azərbaycanda ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb. Ordumuzun aprel zəfəri bu vəhdətin təsdiqidir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”