Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ağ qızıl” bu dəfə də üzümüzü ağ edəcək

14 Sentyabr 2017
 

Pambıqçılar sahəyə çıxdı

 

Çəkilən zəhmət, axıdılan alın təri bol məhsula çevrilib üzə gülür. Qızıl payız bərəkət süfrəsini yenə səxavətlə açıb. Məhsul bolluğundan doğan sevinc Ağcabədi kəndlisinin üz-gözündən asanlıqla oxunur.
Rayon mərkəzindən xeyli aralıda yerləşən Şənlik kəndindəyik. Sözün həqiqi mənasında bu gün Şənlik kəndində şənlik, yüksək əhvali-ruhiyyə hökm sürür. Bu xoş ovqatın mayasında halal zəhmət dayanır.
Şənlik kənd inzibati ərazi vahidi üzrə icra nümayəndəsi Qəşəm Behbudov bizimlə söhbətində deyir:
- Kəndimiz böyükdür. Burada 3.350 nəfərdən çox əhali yaşayır. Dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi qayğı və diqqət, Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr bizim camaatın fəaliyyətini də istiqamətləndirir.
Bu il kəndimizdə 550 hektar sahədə pambıq əkilmişdir. Bu, keçən ildəki ilə müqayisədə xeyli çoxdur. Ötən təsərrüfat ilində hər hektardan 25 sentner məhsul götürdük, bütövlükdə 1064 ton pambıq istehsal etdik. Bu il isə hədəfimiz hər hektardan 30 sentnerdir. Artıq bir neçə gündür ki, pambıq yığımına başlamışıq. Bu gün isə maşınlar da start götürür.
Başdan-başa ağ örpəyə bürünmüş geniş bir tarlanın kənarındayıq. Burada qələbəlikdir. MKT Ağcabədi filialının direktoru Şahin Məhərrəmov, Ağcabədi Rayon İcra Hakimiyyəti ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev, rayon kənd təsərrüfatı idarəsinin mütəxəssisləri də buradadırlar. Bu ilin maşınla pambıq yığımına ilk dəfə burada başlanır. Hər kəsin maraqla gözlədiyi bir ciddi məqam da ondan ibarətdir ki, yenicə gətirilmiş pambıqyığan maşınlar sınaqdan necə çıxacaq.
Seçilən sahə Yalçın Yunisovundur. Bu il 20 hektar sahədə pambıq əkib-becəriblər. Həm də çox nümunəvi qaydada. Tarlada bir dənə də alaq otu gözə dəymir. Yalçın deyir ki, tarlaları üç dəfə suvarıblar. Tələb olunan bütün aqrotexniki tədbirlər keyfiyyətlə yerinə yetirilib. Rayon rəhbərliyi də, MKT Ağcabədi filialı da etdiyi müraciətlərə həssaslıqla yanaşıb, qayğı və diqqətlərini əsirgəməyiblər. Nəticə isə göz qabağındadır. Tarla başdan-başa bəyaz libasa bürünüb.
Sahənin kənarında dayanmış iki ədəd pambıqyığan maşın mütəxəssislər tərəfindən son dəfə nəzərdən keçirilir. Maşınların ikisi də yeni alınıb. Amerika istehsalı olan bu texnikanın məhsuldarlığı yüksəkdir. Hər gedişdə 4 cərgənin məhsulunu yığır. Yığıma başlamaq tapşırığı alan sürücü-mexaniklər sükanın arxasına keçib mühərriki işə salırlar. Yaşıl rəngli pambıqyığan maşınlar bir-birinin ardınca ağ örpəkli tarlada ağır-ağır irəliləyir. Pardaxlanmış lopa-lopa pambıq sürətlə sovrulub bunkerlərə dolur. Maşınların keçdiyi cərgələrin arası ilə addımlayan mütəxəssislərin rəyi birmənalıdır: əla! Doğrudan da, məhsulu yığılmış cərgələrdə bir ağartı da gözə dəymir. Deməli, bir qram məhsul da itkiyə getməyəcək.
Kombaynlar tarlanı başa çıxıb geri qayıdanda bunkerlər pambıqla dolmuşdu. “Ağ qızıl” yükünü sahənin kənarında dayanıb gözləyən lafetlərə boşaldan maşınlar yenidən bol məhsullu tarlaya üz tutur. Halal zəhməti ilə bu bolluğu araya-ərsəyə gətirən Yalçına yaxınlaşırıq. Fərəhlidir. Gözlərində sevinc parlayır. Ürəyindən keçənləri həvəslə dilə gətirir:
- Üç övlad atasıyam. Keçən il pambıqdan götürdüyüm qazancla ailəmin ehtiyaclarını gen-bol ödədim. Bu il qazancımız keçən ildəkindən 3-4 dəfə artıq olacaq. Deməli, güzəranımız, dolanışığımız da yaxşı olcaq. Süfrəmizin bol çörəyi üçün Prezidentimiz İlham Əliyevə minnətdarıq. Dövlət başçısı bizə düzgün yol göstərir, işləmək üçün meydan verir. Bundan sonrası isə qalır hər kəsin öz qeyrətinə. Yaxşı yaşamaq, ailə-uşaq yanında üzüağ olmaq istəyirsənsə, boş hərlənməməlisən, işləməlisən, hünər göstərməlisən, vətəninə də, ailənə də xeyir verməlisən. İnanın ki, səmimi danışıram. Bu gün gördüyüm mənzərə aylardan bəri canıma hopmuş yorğunluğu tamamilə çıxartdı. Məhsulun bolluğu bizim üçün əsl bayramdı. Bu gün həm də rayonumuzda maşınla pambıq yığımına başlanılır. İşə mənim tarlamdan başlanması özü qürurvericidir. Gördüyünüz kimi, xeyli qonağımız var. Mənim üçün unudulmaz gündür. Quzu kəsmişəm. Olanımızdan yaxşı süfrə açmağa çalışmışam. Bax elə sahənin kənarındakı söyüdlərin kölgəsini seçmişəm.
Söhbəti MKT Ağcabədi filialının direktoru Şahin Məhərrəmovla davam etdiririk. O deyir:
- Texnikanın gücünə arxalanmadan, mütərəqqi texnologiyaları tətbiq etmədən pambıqçılığı inkişaf etdirmək qeyri-mümkündür. Dövlətin qayğısı ilə texniki təminat ildən-ilə artırılır. Keçən il istifadəmizdə 9 ədəd pambıqyığan maşın vardısa, indi onların sayı 16-ya çatır. Bu günlərdə daha 2 ədəd pambıqyığan maşın alacağıq. Amerika istehsalı olan yeni pambıqyığan maşınlar çox məhsuldardır. Onlardan səmərəli istifadə etmək üçün zəruri hazırlıq tədbirləri görülmüşdür. Yeni pambıqyığan maşınları idarə edəcək sürücü-mexaniklər Gəncə Dövlət Aqrar Universitetində hazırlıq kurslarından keçmiş, yeni texnikanın istismar qaydalarını öyrənərək sertifikatlar almışlar. Maşınla pambıq yığımına ciddi hazırlaşmışıq. Kolların yarpaqlarının tökdürülməsi üçün dərmanlamanın keyfiyyətli aparılmasına xüsusi fikir verilir. 4710 hektarda pambıq əkmişdik. İndiyədək 2000 hektara yaxın sahə yarpağın tökdürülməsi üçün dərmanlanmışdır. Bu il pambıqçılıq üçün əlverişli ildir. Heç şübhəsiz, pambıqçılığın inkişafında yeni hədəflərə çatacaq, qarşıya qoyulan vəzifəni şərəflə yerinə yetirəcəyik .
Ölkənin aqrar sektorunda qabaqcıl təcrübə məktəbi kimi şərəfli ad qazanmış Ağcabədidə kənd təsərrüfatında ənənəvi sahələrdən olan pambıqçılığın inkişafına böyük önəm verilir, Prezident İlham Əliyevin bu sahədəki tapşırıq və tövsiyələrini uğurla reallaşdırmaq üçün məqsədyönlü tədbirlər görülür. Rayonda pambıq əkinləri ildən-ilə genişləndirilir. Əkinlərin etibarlı su təminatına nail olmaq üçün zəruri meliorasiya tədbirləri həyata keçirilir. Bu il rayonun təsərrüfatlarında 9.550 hektar sahədə pambıq əkilmişdir. Bu, keçən ildəkindən 5.889 hektar çoxdur. Məhsul yığımının ilk günləri uğurla keçir. İndi Ağcabədi kəndlisinin qayğılı günləridir. Böyük zəhmət bahasına yetişdirilmiş bol məhsulu tez və itkisiz yığıb təhvil vermək üçün rayonda bütün qüvvələr səfərbərdir.

Lazım QULİYEV,
“Azərbaycan”