Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məqsəd başa salmaq idi

14 Sentyabr 2017
 

Prezident İlham Əliyev bu işin öhdəsindən məharətlə gəldi

 

Yenə bir humanist qərarın şahidi olduq, əfv xəbəri eşitdik. Azərbaycan Respublikasının Prezidenti  xalqımızın mübarizlik tarixinə kölgə salmaq niyyəti ilə qərəzli fəaliyyət göstərmiş, daha doğrusu, fəaliyyəti ilə buna cəhd etmiş əcnəbi ölkə vətəndaşını bağışladı.

Ölkə başçısı işğal olunmuş torpaqlarımıza qanunsuz səfər edərək,  özünün etiraf etdiyi kimi, “bilmədiyi mövzuda” yazılar yazan həmin şəxsi azadlığa çıxardı. Əslində onun həbs olunaraq Azərbaycana gətirilməsi də uzun bir proses kimi yaddaşımıza həkk olunub. Çoxları bunun beynəlxalq qalmaqala səbəb olacağına “ümid” edirdi.

Ancaq hər şey səbir və təmkinlə öz yoluna qoyuldu.  Prezident bir daha əsl vətənpərvər  və peşəkar diplomat  kimi davranaraq sübut etdi ki, o, günahkarları cəzasız qoymayacaq və onların səhvini özlərinə başa salmaq üçün daim prinsipial mövqedə qalacaq. Lapşinin əfvlə bağlı Prezidentə ünvanladığı təşəkkür məktubu bütün bu deyilənləri təsdiqləyir:

“...Siz mənim əfv edilməyim barədə sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim.

Bir daha təkrar etmək istəyirəm ki, mən öz əməlimə görə ürəkdən peşman olmuşam. Mən Dağlıq Qarabağa səfər edəndə həmin regionda və onun ətrafında baş verən hadisələr barəsində mötəbər məlumatım olmayıb.

İndi mənim əlimdə təkzibedilməz sübutlar var ki, Qarabağ həmişə Azərbaycanın əzəli torpağı olub və olacaq. Ümidvaram ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.

Öz məsuliyyətsiz hərəkətlərimə görə bir daha səmimi peşman olduğumu bildirirəm. Mənim işimə münasibətdə göstərdiyiniz humanistliyə görə çox sağ olun.

İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına üzün ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim”.

Lapşinin bu arzularının səmimiliyinə şübhə etmirik. Səhvi başa düşmək böyüklükdü, səhvi başa sala bilmək isə hər kəsin işi deyil. Bunu Prezidentimiz məharətlə bacardı. Yəqin ki, onun bu bacarığından gələcəkdə də faydalananlar tapılacaq...

 

Elçin VƏLİYEV,

“Azərbaycan”