Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cəza siyasətinin humanistləşdirilməsində yeni mərhələ başlayıb

14 Sentyabr 2017
 

Azərbaycanda humanist aktların həyata keçirilməsi, xüsusən cinayət törətmiş və bu əməlindən səmimi peşmançılıq keçirən şəxsləri bağışlaması artıq bir ənənəyə çevrilib. 

Ulu öndər Heydər Əliyevin humanist dəyərlərə bağlılığının nəticəsi olaraq 1995-ci ildə təməli qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu da məlumdur ki, Azərbaycanda həm keçmiş Sovetlər İttifaqı zamanı, həm də dövlət müstəqilliyini bərpa edəndən sonra hətta ölüm cəzaları icra olunurdu. Ən çox ölüm cəzası isə AXC-Müsavat iqtidarının birillik hakimiyyəti dövründə icra edilib.
Ölkəmizdə 1988-ci ildə 5 nəfər, 1989-cu ildə 6 nəfər, 1990-cı ildə 3 nəfər haqqında ölüm hökmü icra edilib. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik yerinə yetirilib.
Ali Sovetin sədri olmuş İsa Qəmbərov 1992-ci ilin iyununda 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində buna səlahiyyəti olmadığı halda, rədd edib və bu barədə müvafiq fərmanlar imzalayıb. Ölkəyə rəhbərlik edən Əbülfəz Əliyev isə 1993-cü ilin yanvarında ölüm cəzasına məhkum olunmuş 2 şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman verib. Beləliklə, 8 nəfər haqqında ölüm hökmü icra olunub, bir nəfər bu hökm icra edilənə qədər həbsxanada vəfat edib.
Lakin 1993-cü ilin iyun ayından - ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyə başlamasından sonra Azərbaycanda ölüm hökmünün icrası dayandırıldı. Faktiki olaraq bu cəzanın icrasına moratorium qoyuldu. Sonrakı illərdə bu cəzanın tamamilə ləğv olunması istiqamətində addımlar atıldı. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanın o dövrkü Cinayət Məcəlləsində ölüm cəzası ilə əlaqədar olan maddələrə yenidən baxıldı. Bununla bağlı Milli Məclisin qəbul etdiyi qərarlarda 21 maddədən ölüm cəzası götürüldü. 1998-ci ildə isə Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edildi.
Ümummilli lider Heydər Əliyevin sayəsində dövlətimizin öz vətəndaşlarını törətdiyi əmələ görə bağışlaması da humanizm siyasətinin formalarından biri kimi təşəkkül tapdı. Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən 13 ildə imzalanan çoxsaylı əfv fərmanları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib. Əfv fərmanlarında törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən məhkumların islah olunaraq layiqli vətəndaş kimi cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi əsas götürülüb.
Heydər Əliyev Fondunun ulu öndərin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinə sadiqlik nümayiş etdirərək, Prezident İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq irəli sürdüyü amnistiya təşəbbüsləri də xalqımız və cəmiyyətimiz tərəfindən razılıqla qarşılanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən parlamentdə irəli sürdüyü dörd amnistiya təşəbbüsünün dəstəklənməsi və ölkədə amnistiya elan edilməsi minlərlə məhbusa şamil edilib.
Beləliklə, 1995-ci ildən sonra imzalanan 63 əfv fərman və sərəncamları ilə təxminən 10 min nəfər əfv edilib. Sonuncu - 10-cu amnistiya aktının icrası nəticəsində ötən 21 ildə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfərdən çoxdur.

Humanizm ideyalarının daha geniş təşəkkül tapmasına yol açan qərar

Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev qəbul etdiyi hüquqi aktlar və əfv sərəncamları ilə cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islahın daha effektiv və səmərəli olduğunu göstərib. Prezident
İlham Əliyevin bu il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da dövlətin humanist siyasətinin növbəti təzahürü oldu.
Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluğu, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının məhdudlaşdırılması və həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq təkliflər hazırlayıb. Probasiya xidmətinin işinin təşkili və elektron nəzarət vasitələrinin istifadəsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Təkliflərə əsasən qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov bu günlərdə verdiyi müsahibədə bununla bağlı deyib: “Həmin sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar da Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən hüquqi islahatların əsas qayəsini həm də vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil edib. Bu baxımdan islahatlar insan hüquq və azadlıqlarının təsbit olunması istiqamətində Azərbaycan hakimiyyətinin ardıcıl həyata keçirdiyi fəaliyyət proqramlarına öz töhfəsini verib. Məhkəmə, penitensiar və icra xidmətlərində işin səmərəli təşkili üçün ciddi tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası təkmilləşdirilib.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam bir daha göstərir ki, Azərbaycan dövləti hüquqi sistemin inkişafına böyük diqqətlə yanaşır, bu sahədə mühüm işlər görür. Eyni zamanda, bu sərəncam sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Çünki bununla cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi başlayıb. Məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini, cəzanın tərbiyəvi əhəmiyyətini və səmərəliliyini təmin edəcək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının daha da geniş təşəkkül tapmasına imkanlar açacaq.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”