Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezidentin təşəbbüsü ilə yazılmış əsərlərin təqdimatı keçirilib

14 Sentyabr 2017
 

Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” kitabçalarının təqdimat mərasimi keçirilib.

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı kimi Azərbaycan və rus dillərində hazırlanmış bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.  Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən çap etdirilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi alim İradə Məmmədovadır.

Təqdimat mərasimində akademik Yaqub Mahmudov yeni nəşrlərin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. Diqqətə çatdırılıb ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində İrəvan xanlığının torpaqları olub. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlanıb. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb. Yaqub Mahmudov deyib: “Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyillər. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər. İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb”.

Məlumat verilib ki, “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri” kitabçasında Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan xanlığının paytaxtı - İrəvan şəhərinin şanlı tarixinə həsr olunub. Əsərdə İrəvan toponimi, İrəvan şəhərinin tarixi, səyyahların təsviri haqqında mühüm məlumatlar və illüstrasiyalar əksini tapıb. Nəşrdə qeyd edilir ki, XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırıb.

“Erməni vandallarının yox etdiyi İrəvan qalaları” kitabçasında isə İrəvan bölgəsində mövcud və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.

“İrəvan xanlığının mahalları” kitabçasında oxuculara Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölgəsinin, o cümlədən Çuxursəd bəylərbəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü, “İrəvan xanlığının əhalisi” kitabçasında isə Azərbaycan dövləti olan İrəvan xanlığının əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib.

Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və başqaları İrəvan torpağının qədim Azərbaycan əraziləri olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Təqdim olunan kitabçalar Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.