Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İşləyənlərin sayı 4 milyon 672 min nəfərdir

14 Sentyabr 2017
 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə Bakıda keçirilən “Bizim istəyimiz əmək sferasının gələcəyidir” mövzusunda ikigünlük konfrans sentyabrın 13-də başa çatıb. 

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, son illər əmək sferasına nüfuz edən çox böyük dəyişikliklərin şahidi oluruq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və “yaşıl iqtisadiyyat”a keçid həm əmək münasibətlərinin təşkilinin formalarına, həm də muzdlu işçilərin mənafelərinin ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqının fəaliyyətinə ciddi təsir göstərməyə bilməz. Cəmiyyət, onun əmək qabiliyyətli hissəsi gündəlik həyatda qeyri-tipik məşğulluğun nümunələri ilə tez-tez rastlaşır. Bu baxımdan biz həmkarlar ittifaqları olaraq, məşğulluğun belə formalarının hüquqi tənzimlənməsində öz yerimizi tutmalıyıq. Əmək sferasının təşkilində sosial tərəfdaşlarımızla birgə bu gün hüquqi platformanın bazasını yaratmağı bacarmasaq illərlə əldə etdiyimiz muzdlu işçilərin əsas müdafiəçisi statusunu itirə bilərik. 2005-2015-ci illər ərzində ölkə iqtisadiyyatında məşğul olanların sayı 600 min nəfərədək artaraq 4 milyon 672 min nəfər təşkil edib. Muzdlu işçilərin sayı isə cəmi 200 min nəfərədək artıb. Bu isə o deməkdir ki, vətəndaşlarımızın təxminən yarısı işə əmək müqaviləsi bağlanmadan və sözləşmə olmadan qəbul edilib. Həmin müddətdə özünüməşğul işçilərin sayı 320 minədək artaraq 1 milyon nəfərə çatıb.
S.Möhbalıyev onu da vurğulayıb ki, statistik orqanlar məşğulluğun “qeyri-tipik” formasının prinsipləri əsasında işini quran təşkilat və müəssisələr barədə məlumat vermir. Lakin məşğulluq haqqında olan məlumatların təhlili kənd təsərrüfatında, ticarətdə (küçə ticarətçiləri), emaletmə sənayesində (yeyinti məhsullarının istehsalı, tikiş, ayaqqabı istehsalı), inşaatda, nəqliyyatda (taksi sürücüləri), daşınmaz əmlakla bağlı əməliyyatlarda (maklerlər) və s. qeyri-formal şəkildə məşğul olanların sayının çoxluğu haqqında daha inamla danışmağa imkan yaradır. Həyatın ritmini, işsizliklə bağlı problemləri nəzərə alarkən aydın başa düşmək olar ki, bu gün əmək bazarını daha çevik, rəqabətqabiliyyətli etmək, əhalinin məşğulluğunu artırmaq üçün qeyri-tipik məşğulluq zəruridir.
Lakin belə şəraitdə işçilərin müdafiəsinə yardım edə biləcək mexanizm üzərində kimin necə işləyəcəyi barədə düşünmək lazımdır. Ancaq biz layiqli iş şəraitinin yaradılmasının və əməyin dəyərinin ödənilməsinin işəgötürənin arzusuna uyğun həyata keçirilməsini qəbul edə bilmərik. Məşğulluğun bütün formalarında çalışanların əmək, sosial hüquqlarının müdafiəsi üçün milli qanunvericilik, hətta BƏT-in konvensiyaları səviyyəsində hüquqi sənədlər işlənib hazırlanmalıdır.
AHİK sədri deyib ki, ölkəmizdə baş verən struktur dəyişiklikləri yaxın zamanlarda modernləşmənin davam etdirilməsini, bir çox müəssisələrin, hətta iqtisadiyyatın bölmələrinin yenidən qurulmasını nəzərdə tutur. Respublikamızın müstəqilliyini bərpa etməsindən cəmi 25 ildən bir qədər çox keçməsinə baxmayaraq, hər il Ümumdünya Davos və Münxen iqtisadi və siyasi forumlarında, digər dünya biznes strukturlarının məlumatlarında iqtisadi sahədə bizim real nailiyyətlərimiz xüsusi qeyd olunur. Prezident İlham Əliyevin vaxtında iqtisadiyyatımızın neftdən asılılığının azaldılması təşəbbüsü sayəsində bu gün qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi ölkə üzrə 1,7 faiz artıb, neft-qaz sektorunun həcmi isə 6,6 faiz azalıb. Ölkədə əməkhaqqı 6,3 faiz artaraq 520 manat təşkil edib, iqtisadi inkişaf tempi bütövlükdə stabil olaraq qalmaqdadır.
Çıxışının sonunda S.Möhbalıyev bildirib ki, həmkarlar ittifaqlarının həmrəyliyini tələb edən daha bir məsələ əmək ehtiyatlarının miqrasiyasının iqtisadiyyata təsirinin müsbət və mənfi aspektlərinin çoxluğudur. Lakin həmkarlar ittifaqlarının əsas məqsədi işçi-miqrantların necə müdafiə olunmasıdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransda çıxış edərək bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi təşəbbüsü” müasir dünyada əmək münasibətləri ilə əlaqədar müzakirələr üçün çox gözəl bir platforma yaradıb. Bu təşəbbüsün əhatə etdiyi mövzular bütün bəşəriyyət üçün önəm kəsb edən aktual məsələlərdir. Dünya inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək münasibətlərinin strukturu dəyişir, lakin insanların əsas tələbatı - sağlam və gözəl rifah şəraitində yaşamaq istəyi dəyişməz olaraq qalır. İnsanların bu istəyinin reallaşdırılması üçün işləmək ən mühüm şərtlərdəndir.