Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniya əfqan qaçqınlarını geri qaytardı

13 Sentyabr 2017
Almaniyada sığınacaq almaq xahişi rədd edilmiş bir qrup əfqan qaçqını təyyarə ilə Düsseldorf hava limanından Kabilə yola salınmışdır. Şimali Reyn-Vestfaliya vilayətinin qaçqınların işləri üzrə şurasından verilən məlumata görə, söhbət azı 12 nəfərin deportasiyasından gedir.

DPA agentliyi qeyd edir ki, bu, ötən may ayının 31-də Kabildə baş vermiş terror aktından sonra əfqan qaçqınlarının ilk kütləvi deportasiyasıdır. O vaxt Almaniya səfirliyindən 300 metr aralıda terrorçu-intiharçının idarə etdiyi minalanmış yanacaqdaşıyan maşın partlamışdır. Terror hücumu nəticəsində 150 nəfərdən çox adam həlak olmuş, təxminən 300 nəfər yaralanmışdır.

Əfqanların deportasiyasına etiraz edən fəallar Düsseldorf hava limanında toplaşmışdılar. Hüquq müdafiəçilərinin fikrincə, belə bir təhlükə var ki, Əfqanıstan vətəndaşları vətənə qayıdan kimi həbs olunacaq, yaxud işgəncəyə məruz qalacaqlar.