Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misir Təhlükəsizlik Şurasını Myanmadakı vəziyyəti müzakirə etməyə çağırıb

13 Sentyabr 2017
Misir BMT Təhlükəsizlik Şurasına müraciət edərək, onu Myanmada Rohingiya müsəlmanları ilə bağlı vəziyyətə dair bu gün – sentyabrın 13-də fövqəladə iclas keçirməyə çağırıb. AZƏRTAC xəbər verir ki, bunu Misir Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Əhməd Əbu-Zeyd bəyan edib.

O bildirib ki, Misir XİN-in başçısı Sameh Şükrinin ölkənin BMT Təhlükəsizlik Şurasındakı (TŞ) nümayəndə heyətinə tapşırığına əsasən, avqustun 25-dən Myanmada humanitar və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi nöqteyi-nəzərindən Misir bu ölkədə Rohingiya müsəlmanları ətrafında yaranmış böhranı müzakirə etmək üçün sentyabrın 13-də fövqəladə iclas keçirməyə çağırıb.

Əhməd Əbu-Zeyd qeyd edib ki, Misirlə bərabər, İsveç və Böyük Britaniya da belə bir təşəbbüs irəli sürüblər. O, xüsusi vurğulayıb ki, fövqəladə iclasın keçirilməsi təşəbbüsünü BMT TŞ-nin daimi olmayan üzvləri, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən Qazaxıstan və Seneqal da dəstəkləyiblər.

Misir XİN-in rəsmi nümayəndəsi onu da bildirib ki, bu məsələ sentyabrın 12-də BMT TŞ-də qurumun baş katibi ilə görüşdə müzakirə edilib.

Əbu-Zeyd deyib: “Misir Rakhayn ştatında baş verən qırğını, zorakılığı və insanların didərgin salınması hallarını dayandırmaq üçün Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasının vacib olduğunu göstərib”. O vurğulayıb ki, bu insanların qanuni hüquqlarına zəmanət verən, habelə onların təhlükəsizliyini təmin edəcək, ev-eşiklərinə qayıtmalarına imkan verəcək, humanitar yardımın çatdırılmasını asanlaşdıracaq bir həll yolu tapmaq lazımdır.

Misirin BMT Təhlükəsizlik Şurasındakı nümayəndə heyəti vurğulayıb ki, beynəlxalq birliyin Rohingiya müsəlmanlarına münasibətdə öz mənəvi borcunu yerinə yetirməsi üçün bütün beynəlxalq məkanlarda, xüsusilə də BMT TŞ-də hər cür səy göstərəcək.

 

AZƏRTAC