Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fam Binh Minh: Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifə aça bilər

13 Sentyabr 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vyetnamlı həmkarı Fam Binh Minhlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair hər iki dövlətin başçıları tərəfindən ünvanlanmış təbrik məktublarını təqdim ediblər.

Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərini, həmçinin 1983-cü ildə ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfərini xüsusi qeyd edib. Nazir ikitərəfli münasibətlərin dərinləşdirilməsində 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin, 2015-ci ildə isə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğulayıb. Bu qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına və siyasi dialoqun intensivləşməsinə təkan verdiyini əlavə edib.

Elmar Məmmədyarov Azərbaycan ilə Vyetnam arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün çoxsaylı imkanlar olduğunu, bu kimi imkanların üzə çıxarılması və yeni əməkdaşlıq sahələrinin araşdırılması məqsədilə qarşılıqlı biznes forumların keçirilməsinin faydalı olduğunu qeyd edib. Bu xüsusda, 2015-ci ildə yaradılmış Vyetnam Sosialist Respublikası və Azərbaycan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın rolunu xüsusi vurğulayıb və komissiyanın həmsədri Tran Tuan Anhla görüşü barədə həmkarını məlumatlandırıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb.

Daha sonra nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barədə məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb.

Nazir Fam Binh Minh rəsmi səfərlərin iki dövlət arasında yüksək səviyyəli əməkdaşlığın formalaşmasında əhəmiyyətli rol oynadığını deyib. O, uğurlu siyasi dialoqun iqtisadi sahədə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, bunun ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirib. Nazir, həmçinin Azərbaycanın uğurlu enerji siyasətindən bəhrələnərək, bu sahədə əməkdaşlığın intensivləşdirilməsini təklif edib.

Vyetnamlı nazir nəqliyyat-logistika sahəsində əməkdaşlığın iki ölkənin əlaqələrinin inkişafında yeni səhifə ola biləcəyini deyib.

Fam Binh Minh 2015-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın artırılması üçün münbit hüquqi baza yaratdığını və çoxsaylı imkanlar açdığını bildirib.

Nazir təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Vyetnamın neft sahəsində Azərbaycanda təhsil almış mütəxəssislərin çalışdığını xatırladıb, eləcə də Vyetnamın Veso Petrol şirkətinin yaradılmasında azərbaycanlı neftçilərin xüsusi rol oynadığını bildirib.

Söhbət zamanı nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edir.