Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi olub

13 Sentyabr 2017
Sentyabrın 12-də hər il “Neftçilər günü” ərəfəsində keçirilməsi artıq ənənə halını almış “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya və dünya çempionları iştirak ediblər.

İlk olaraq Spartakiadanın iştirakçı komandaları stadiona çıxıb, yarışların baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport verib.

Sonra çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açaraq bildirib ki, bu fəaliyyət “Neftçi İdman Klubu” vasitəsilə həyata keçirilir. Ölkəmizdəki idman klubları arasında “Neftçi” həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır.

Bildirilib ki, Spartakiada iştirakçılarının sayı ilbəil artır. Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 növ üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır.

SOCAR-ın prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində də “Neftçi İdman Klubu”nun rolundan, klubun yetirmələrinin ölkəmizin beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Qeyd edib ki, bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu olub. Belə ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırıblar. R.Abdullayev Spartakiada iştirakçılarını bir daha təbrik edərək onlara yarışlarda uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildiriblər ki, paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub.

Sonra idmançıların nümunəvi çıxışları olub.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.