Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslamofobiyaya qarşı mübarizənin və İslam həmrəyliyinin mükəmməl Azərbaycan nümunəsi

13 Sentyabr 2017
 

Azərbaycan dövlətinin milli maraqlara əsaslanan diplomatiyası, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti bugünkü uğurlarımızı şərtləndirib. Regionda lider mövqeyini qoruyub saxlayan respublikamız bütün sahələrdə davamlı inkişaf edərək beynəlxalq arenada böyük nüfuz qazanıb. 

Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələri diqqət mərkəzindədir və beynəlxalq aləmdə nümunə kimi göstərilir.
Dünyanın əksər regionlarında hərbi toqquşmaların, siyasi və sosial kataklizmlərin dərinləşdiyi bir vaxtda müsəlman dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi prioritet məqsədə çevrilib. Bir sözlə, İslam həmrəyliyi müasir dövrün çağırışıdır. Bu gün terrorla mübarizə və demokratik standartların tətbiqi adı altında müsəlman ölkələrinin daxili işlərinə kobud müdaxilələrin baş verməsi ciddi problemlərə yol açıb. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsinin Avropaya üz tutması nəticədə humanitar fəlakətə gətirib çıxarıb. Vaxtilə Avropanın özünün fundamental dəyər kimi önə çəkdiyi tolerantlıq prinsipi son illər məhz bu geosiyasi məkanda ciddi aşınmaya məruz qalıb.
Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinxedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.
Bu gün özünü göstərən neqativ tendensiyalardan biri də islamın terrorla əlaqələndirilməsi və bu yolla sivilizasiyalararası toqquşmanın yaradılması, dövlətlərin bir-birinə inam və etimadının zəiflədilməsi cəhdləridir. Bəzi özəl dövlətlər öz maraqlarına görə islamı guya “terrorçuluğa zəmin yaradan” din kimi qələmə verməyə çalışsalar da, mütərəqqi fikirlilər bu yanaşmanı əsassız və təhlükəli sayırlar. Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində, bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların özlərinə məxsus milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.
Bu gün Myanmada baş verənlər dini dözümsüzlüyün orta əsrlər sayağı tipik nümunəsidir. Müsəlmanların diri-diri yandırılması, kütləvi qırğınların təşkil edilməsi və bu vəhşiliklərə dövlətin müdaxilə etməməklə faktiki olaraq bunları dəstəkləməsi dini zəmində soyqırımıdır. Daha acınacaqlı hal ondan ibarətdir ki, bu hadisələr dünya ictimaiyyətinin gözləri qarşısında baş verir və buna etinasız yanaşmaların şahidi oluruq.
Prezident İlham Əliyev bu günlərdə Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammitində bu barədə bildirib: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərmişdir.
2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılmışdır”.
Mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olmaqla artıq milli dövlət sərhədlərini adlamış terrorizm hazırda bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilib. Dünya ictimaiyyəti, xüsusilə islam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi islam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur. Terrorizmin getdikcə qlobal xarakter alması öz növbəsində bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi zəruriliyini artırır. Azərbaycan hakimiyyəti hesab edir ki, uzunmüddətli planda beynəlxalq terrorizmlə mübarizənin məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm də onu doğuran səbəb və mənbələrin aradan qaldırılması olmalıdır.
İslam həmrəyliyi yalnız islam ölkələri arasında vəhdətin olması deyil. Bu, dinindən asılı olmayaraq bütün dünya əhalisinin dostluq, qardaşlıq və multikultural şəraitdə yaşamasına bir növ çağırışdır. Müxtəlif dinlərin nümayəndələrinin bir arada qardaşlıq şəraitində yaşadığı Azərbaycanın multikulturalizm modeli bunun bariz nümunəsidir. İslam həmrəyliyi dedikdə, həmçinin islam ilə digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, islam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də islam dünyasının önündə gedən dövlətlərdən biridir. Azərbaycan dövlətinin dəstəyi ilə Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili ümumislam mədəniyyətinə olan töhfədir. Roma Papasının ölkəmizə ötən il etdiyi səfəri multikulturalizm dəyərlərinə verilən qiymətdir.
2017-ci il “İslam həmrəyliyi ili” elan edilməsi islam dünyasındakı mövcud çətinliklərin, ayrı-ayrı islam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə böyük təsir göstərəcək. “İslam həmrəyliyi ili” çərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma islam ölkələrinin müxtəlif sahələrdə bir-birinə dəstək olması nəzərdə tutulan fəaliyyət istiqamətidir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçirilməsi önəmli hadisə oldu. İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülən bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün mühüm imkanlar açır.
Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan islam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır.
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. “İslam həmrəyliyi ili” müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında düşmənçilik salmaq istəyənlərə tutarlı cavabdır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi bütün müsəlman aləminə və dünyaya xoşməramlı bir mesaj oldu.
Müsəlman dünyasında baş verən siyasi proseslər, hərbi münaqişələr, demoqrafik böhranlar, Qərbdə artan islamofobiya meyilləri islam dövlətləri arasında birliyin vacib olduğunu göstərir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı olur. İslam həmrəyliyi işinə böyük töhfə verən ölkəmizin göstərdiyi nümunə digər müsəlman dövlətlərinə də örnək olmalıdır.

Elnur HACALIYEV,
“Azərbaycan”