Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan bölgəni 100 il qazla təmin edəcək

13 Sentyabr 2017
 

Son illərdə Xəzərin ölkəmizə məxsus sektorunda kəşf edilmiş yeni yataqlar Azərbaycanın həm də zəngin qaz mənbələrinə malik olduğunu göstərmişdir. Azərbaycan qısa müddət ərzində dünyada qaz ixrac edən ölkə kimi tanınmışdır. 

Bu, ilk növbədə, böyük ehtiyatlara malik “Şahdəniz” yatağının sayəsində baş vermişdir. “Şahdəniz” həm də Azərbaycan qazını Avropaya nəql edəcək 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Lakin “Şahdəniz” Xəzərdə tək deyil. Yaxın gələcəkdə bir sıra digər perspektivli yataqlardan da hasilata başlanacaq.
Bu yaxınlarda “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində Prezident İlham Əliyev bununla bağlı demişdir: “Şahdəniz”in minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.
“Şahdəniz” sahildən təxminən 75 kilometr cənubda yerləşən nəhəng yataqdır. Nəhəngliyi onunla sübut olunur ki, bu yatağın ehtiyatlarını iki mərhələdə işləmək lazım gəlib. Mütəxəssislərin dediklərinə görə, hətta “Şahdəniz-3”ün də olacağı istisna deyil.
“Şahdəniz-1”dən 11 ildir qaz hasil olunur. 2006-cı ilin sonlarından başlayaraq mavi yanacaq Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycana və Gürcüstana, 2007-ci ildən isə bu kəmərə birləşən 280 kilometrlik xətlə Ərzurumadək (bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri) çatdırılır.
Artıq “Şahdəniz-2” layihəsi üzrə quruda və dənizdə aparılan işlərin 96 faizi tamamlanıb. Genişləndirilən CQBK “Şahdəniz-2”nin ilk qazını Gürcüstan-Türkiyə sərhədinə çatdıracaq. Türkiyə ərazisində isə qazı 1900 kilometrlik TANAP (Transanadolu Qaz Boru Kəməri) nəql edəcək. 2020-ci ildən Azərbaycan qazı TAP (Transadriatik Qaz Boru Kəməri) vasitəsilə Avropa ölkələrinə də ixrac edilməyə başlayacaq.
TAP-ın ən böyük hissəsi Yunanıstanda yerləşir. Belə ki, bu ölkənin ərazisində 550 kilometrlik yol keçən kəmər Albaniyada 210, Adriatik dənizinin dibində 105 kilometr məsafə qət edir. Kəmərin İtaliyanın Puqlia bölgəsində sahilə çıxan bir neçə kilometrlik hissəsi həmin ölkənin qazpaylayıcı şəbəkəsinə qoşulur. Beləliklə, indi 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya “Cənub qaz dəhlizi”nin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina isə layihənin növbəti mərhələsində Azərbaycanın tərəfdaşları olacaqlar.
Gələcəkdə ara keçid boru kəmərləri ilə İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngiltərəyə də təbii qaz transferinin mümkün olacağı istisna edilmir.
İlkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz ixrac olunacaq. Daha sonra nəql edilən qazın həcmi artaraq 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatacağı gözlənilir.
Bu ilin fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən üçüncü toplantısı zamanı Azərbaycanın böyük qaz ehtiyatlarına malik olması bir daha vurğulandı. Toplantı iştirakçılarının qəbul etdikləri bəyannamədə Azərbaycanın Avropaya əlavə qaz həcmləri verə biləcək işlənməmiş əhəmiyyətli mənbələrinin olduğu da göstərildi. Qeyd edildi ki, “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər yataqlar “Cənub qaz dəhlizi”nin növbəti inkişaf mərhələsində ehtiyat bazası ola bilər. Bu yataqlar sırasında “Abşeron”un xüsusi yeri var.
Xəzər dənizinin dərin sularında yerləşən “Abşeron” bloku üzrə 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-la Fransanın “Total” şirkəti arasında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. 2011-ci il sentyabrın 1-də “Abşeron” Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən “Total E&P Absheron” Azərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını bildirib.
2017-ci ilin fevralında SOCAR layihənin İşlənmə Proqramını təsdiq edib. İşlənməyə Erkən Hasilat Proqramı ilə start veriləcək. Bu proqrama əsasən, 2019-cu ilin sonu üçün yerli bazar qazla təmin ediləcək.
“Abşeron” bloku dənizdə, Bakıdan 100 kilometr aralıda, suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri quyuda bir neçə trilyon kubfut qaz və kondensatın olduğunu təsdiq edib.
“Abşeron”un kəşfindən sonra ilkin layihə işlərinə start verilib. İlkin işlənmə mərhələsinin nəticələri, eləcə də dünya iqtisadiyyatının, o cümlədən neft-qaz sənayesinin hazırkı vəziyyəti nəzərə alınaraq “Abşeron” yatağının işlənməsinə erkən hasilat planı ilə başlamaq qərara alınıb.
Prezident İlham Əliyev bu il Bakıda keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılış mərasimində “Abşeron”un perspektivlərinə, yatağa bəslənən ümidlərin tezliklə doğrulacağına inamını ifadə edərək demişdir: “Cənub qaz dəhlizi” layihəsinin icrası artıq yeni layihələrə də start verdi. Hazırda növbədə “Böyük Abşeron” layihəsinin işə başlamasıdır. Əslində, işlər başlamışdır. Biz “Abşeron” layihəsindən, - təqribən 350 milyard kubmetr qaz ehtiyatları var, - 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda, paralel olaraq “Ümid-Babək” və “Dayaz sulu” layihələri də icra edilir. Bu layihələrin də yaxın illərdə fəaliyyətə başlaması, yəni, hasilatın başlaması gözlənilir”.
Bütün bunlar ölkənin başdan-başa qazlaşdırılması işinin tamamlanmasına imkan verəcək. Hazırda Azərbaycanda qazlaşma 93 faizə çatıb. Ən ucqar kəndlərə qədər qaz xətləri çəkilib. Hədəf bütün kəndlərin qazlaşdırılmasıdır və buna nail olunacaq. Zəngin yataqlar bütün Azərbaycanı, eləcə də bir sıra digər ölkələri mavi yanacaqla təmin edəcək. Həm də azı 100 il!

Flora SADIQLI,
“Azərbaycan”