Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında

13 Sentyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, ölkə əhalisinin, xüsusən də bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu məqsədlə görülən tədbirlər nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi də xeyli artmışdır.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və son məhsul çeşidlərinin artırılması istiqamətində dövlət dəstəyini gücləndirmək məqsədi ilə bir sıra əhəmiyyətli tədbirlər görülmüş və uğurlu nəticələr əldə olunmuşdur.
Bu sahədə dayanıqlı inkişafın təmin edilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi üçün əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, investisiyaların və ixracın təşviqi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi tədbirlərinin sürətləndirilməsi zəruridir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sitrus meyvələri, çay və çəltik istehsalının inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə qərara alıram:
1. Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar, Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala və Zərdab rayon icra hakimiyyətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə alaraq əkinəyararlı torpaqların müəyyən olunmasını və təsərrüfat subyektlərinə ayrılmasını təmin etsinlər.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə rayon icra hakimiyyəti orqanlarının təkliflərini və bu sahədə mövcud olan müsbət təcrübəni nəzərə almaqla, müvafiq rayonlar üzrə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələrini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə çay plantasiyaları və sitrus meyvə bağları sahələrinin genişləndirilməsini stimullaşdırmaq üçün təsərrüfat subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sitrus meyvələri, çay və çəltik istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsini və ya satılmasını, onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsi vəsaiti hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin və toxumların güzəştli şərtlərlə satılmasını təmin etsin;
2.4. yerli və xarici çəltik sortlarının sınağının təşkilini, habelə seleksiya nailiyyətlərinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilməsini təmin etsin;
2.5. sitrus meyvələri və çay bitkisinin tingçilik təsərrüfatlarının inkişafının dəstəklənməsi ilə bağlı zəruri tədbirlər görsün;
2.6. sitrus meyvələri, çay və çəltik istehsalı sahəsində fitosanitar, informasiya-məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı müvafiq tədbirlər görsün;
3.2. sitrus meyvələri, çay və çəltik istehsalçıları və emalçılarının investisiya layihələrinin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilməsini təmin etsin;
3.3. qabaqcıl texnologiyalar tətbiq etməklə sitrus meyvələri, çay və çəltik istehsalının artırılmasına, emal və qablaşdırma müəssisələrinin yaradılmasına və inkişafına dəstəyi, o cümlədən bu sahəyə qoyulan investisiyaların təşviqini davam etdirsin;
3.4. sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılmasına, mümkün tərəfdaşların tapılmasına və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasına dəstək tədbirlərinin daha da genişləndirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etsin.
5. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müvafiq rayonlar üzrə çay plantasiyalarının, çəltik tarlalarının və sitrus meyvə bağlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması, sututarların bərpa olunması, çəltik tarlalarında drenaj şəbəkələrinin tikilib istifadəyə verilməsi ilə bağlı zəruri tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin etsin.
7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamın icrası il bağlı birgə hazırladıqları məlumatı 2017-ci il dekabrın 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2017-ci il