Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Komitə yanında İctimai Şuraya seçkilər keçirilməsinin vaxtı müəyyənləşib

13 Sentyabr 2017
 

Sentyabrın 12-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının iclası keçirilib.

İclasda komitə sədrinin müavini, Seçki Komissiyasının sədri Niyazi Rəhimov bildirib ki, ölkənin demokratikləşməsi prosesində vətəndaş cəmiyyəti institutlarının rolu getdikcə artmaqdadır. Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələri parlamentdə qəbul edilib, eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. O bildirib ki, 2012-ci ildə cənab Prezident tərəfindən “Açıq Hökumətin təşviqinə dair ilk Milli Fəaliyyət Planı” təsdiq edilib. 2016-cı ildə daha bir fəaliyyət planı qəbul edilərək ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Ölkədə vətəndaş cəmiyyəti ilə hakimiyyətin birgə fəaliyyət göstərdiyi dialoq platformaları mövcuddur. Bu platformaların bir çoxunda birgə qərar qəbul etmə və birgə fəaliyyət formaları mövcuddur ki, bu da ictimai iştirakçılığın ən yüksək səviyyəsi deməkdir.

İclasda müasir dövrdə ölkəmizdə qeyri-neft ixrac potensialının genişləndirilməsi, sahibkarlığın inkişafı, ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında ciddi vəzifələrin durduğu qeyd olunub. Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdiyi, publik hüquqi şəxs statusunda 4 orqanın təsis edildiyi qeyd edilib.

Sonra komitə yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə komitə sədri Ramiz Həsənovun əmri ilə Seçki Komissiyasının formalaşdığı bildirilərək İctimai Şuraya seçkilərin keçirilmə qaydaları və şuranın hüquq və vəzifələri haqqında məlumat verilib. Seçki komissiyasının digər üzvləri - Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimli, “Turan İstedadlar” Birliyinin sədri Ceyhun Hacıbəyov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev çıxış edərək vətəndaş cəmiyyəti institutları üçün komitənin yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər. QHT təmsilçiləri İctimai Şuraya seçkilərin yüksək səviyyədə təşkili üçün öz rəy və təkliflərini bildiriblər.

Qərara alınıb ki, komitə yanında İctimai Şuraya seçkilər 31 noyabr 2017-ci il tarixində keçirilsin. Seçkidə iştirak etmək istəyən namizədlərin irəli sürülməsi və qeydiyyatı müddəti sentyabrın 18-dən oktyabrın 20-dək təyin edilib. İctimai Şuraya üzvlərin say həddi 7 nəfər müəyyən edilib.

 

“Azərbaycan”