Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Bizim istəyimiz əmək sferasının gələcəyidir” mövzusunda konfrans keçirilib

13 Sentyabr 2017
 

Sentyabrın 12-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Bizim istəyimiz əmək sferasının gələcəyidir” mövzusunda iki günlük konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan BƏT-in Əmək Fəaliyyəti üzrə Bürosunun mütəxəssisi Qoça Aleksandriya konfransın əsas çağırışının sosial ədalətin yaradılması və qorunması olduğunu bildirib. Qeyd edib ki, son onilliklərdə dünya ölkələrinin iş aləmində inkişaf səviyyələrindən asılı olmayaraq böyük dəyişikliklər baş verir. Bu dəyişiklikləri bir neçə müxtəlif amil tənzimləyir: istehsalatda dəyişikliklərə səbəb olan qloballaşma və texnoloji innovasiyalar, artan bərabərsizlik, qütbləşmə və kənarlaşdırılma, demoqrafik dəyişikliklər, miqrasiya, iqlim dəyişikliyi və 2008-ci ildən başlayan iqtisadi durğunluq.

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Olqa Kulayeva və Moskva ofisinin əmək müfəttişliyi üzrə mütəxəssisi Valentin Mokanu bildiriblər ki, sosial və iqtisadi dəyişikliklərin işçilərə təsiri barəsində narahatlıq geniş yayılıb. Bu məsələ yalnız inkişaf etmiş ölkələrlə məhdudlaşmamalıdır, çünki bu dəyişikliklər bütün ölkə və regionlara aiddir. Sadəcə, az inkişaf etmiş ölkələrdə bu proses yavaş gedir. İnkişaf etmiş ölkələr əhali köçməsinin dəyişən tendensiyalarına daha tez məruz qalacaqlar.

2013-cü ildə bununla bağlı yüzilliyin təşəbbüsü irəli sürülüb: “Əmək sferasının gələcəyi”. “Bizim istəyimiz əmək sferasının gələcəyidir” şüarına əsaslanaraq, konfrans qurumun baş direktorunun təklif etdiyi “yüzilliyin dialoqları” üzərində qurulub: əmək və cəmiyyət, hamı üçün layiqli iş yerləri, əməyin və istehsalın təşkili, əmək sferasının idarə olunması.

Sonra videokonfrans vasitəsilə tədbirə qoşulan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin “Əməyin gələcək sferası” ilə bağlı müraciəti dinlənilib.

Tədbir müzakirələrlə davam edib.