Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ali və orta məktəblərdə təmir və yenidənqurma işləri başa çatıb

13 Sentyabr 2017
 

Yeni dərs ilinin astanasında olan müəllim və şagirdlərin sevinc dolu həyəcanları təbiidir. Çünki yay istirahətindən zəngin təəssüratla qayıdan kollektivlər xoş istirahətdən sonra bilik qazanmaq, elmin sirlərinə bələd olmaq üçün orta və ali məktəb qapılarını ürəklə açacaqlar. Axı, illər uzunu təmirə ehtiyacı olan əksər təhsil müəssisələri tanınmaz dərəcədə dəyişilib: öz doğmalarını yeni görkəmdə qarşılayır. Respublikamızın əksər bölgələrində belə təhsil ocaqlarının sayı ildən-ilə artmaqdadır. Əsaslı təmirdən çıxan məktəblər paytaxt Bakıda da az deyil.

Bütün mənbələr hesabına bu il 71 məktəb inşa edilib ki, onlardan 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin də modul tipli təhsil müəssisəsi ilə əvəz edilməsi nəzərdə tutulur. İl ərzində 12-si əsaslı olmaqla, 460 məktəb cari təmir edilib, 24-nün binasında isə işlər başa çatmaq üzrədir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi, 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, bəziləri isə əsaslı təmir edilib.
Ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi isə “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsidir.
Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib.
Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol, voleybol və basketbol meydançalarında da əsaslı yenidənqurma işləri görülüb. Məktəblərin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
Paytaxtın bəzi ərazilərində yerləşən məktəblərdə əsaslı təmir işləri vaxtında və keyfiyyətlə aparılıb. Həmin məktəblər yeni dərs ilinə tam hazırdır. Nizami rayonundakı 3 tam orta məktəbi (10, 62 və 201 nömrəli), Xətaidəki 171, Nərimanovdakı 212, Binəqədidəki 306, Sabunçudakı 74, Səbaildəki 239, Yasamaldakı 20 və Nəsimidəki 268 nömrəli xüsusi məktəbdə əsaslı təmir işləri aparılıb. Məktəblər müasir tələblərə cavab verəcək, yüksək təhsil xidməti göstərə biləcək səviyyədə şagirdlərin və müəllimlərin ixtiyarına verilib.
Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də keçirilən açılış mərasimində iştirak edən Prezident İlham Əliyev burada yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Burada əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi kabinə və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb: otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqlarla təchiz edilib.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə də həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Xatırladılıb ki, burada 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idman və akt zallarından, yeməkxanadan ibarət məktəbin binası 1964-cü ildən fəaliyyət göstərir. Bina müasir səviyyədə əsaslı təmir olunub. 11 min kvadratmetr ərazidə yerləşən, 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb, lazımi avadanlıqla tam təchiz edilib.
Dövlət başçısı məktəb-liseydə yaradılan “Sağlam təhsil” sinifləri ilə tanış olarkən bildirildi ki, bu layihənin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Ümumtəhsil müəssisələrində bu pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Ötən tədris ilində paytaxtdakı 27 tam orta məktəbdə 36 sinifdə icra olunan layihə 2017-2018-ci tədris ilində də 40 sinfi əhatə edəcək.
Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbin müəllim və şagird kollektivi də yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa olunan və yenidən qurulan binada davam etdirəcəklər.
Zəngin təbii sərvətlərə malik olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə olunmaqla insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illər müasir məktəb binaları tikilir, mövcud təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtı deyil, bölgələri də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu proqrama güclü dəstək verir. Yüksək şəraitlə təmin olunan, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən məlumat verildi ki, məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cü, ikincisi isə 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər cür şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxana və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.
Xatırladaq ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəb də əsaslı təmirdən sonra qapılarını doğma kollektivə açıb. 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün lazımi şərait var. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub.
Sentyabrın 11-də Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olarkən bildirildi ki, burada xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. İkimərtəbəli binada 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir, tədris proqramına 900 şagird cəlb edilib.
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında da əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Azərbaycan Prezidenti həmin gün bu məktəblə də tanış oldu. Məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Burada 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. 1180 şagirdin təhsil aldığı məktəbdə hər cür şərait yaradılıb.
Xatırladaq ki, o gün Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası da yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olarkən məlumat verildi ki, bu təhsil ocağının böyük tarixi keçmişi var. 1917-ci ildə təsis olunan məktəb bu binada fəaliyyətə başlayıb. 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli məktəb binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.
Dövlət başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış oldu. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.
Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.
İlk dərsləri “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq məktəblərdə təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatıb ki, bu da öz növbəsində təhsildə daha çox uğur və nailiyyətlərin qazanılmasında mühüm şərtdir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”