Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qubadlı şagirdləri yeni məktəb binasında təhsillərini davam etdirəcəklər

13 Sentyabr 2017
 

Məcburi köçkünlərə yüksək dövlət himayəsini artıq 24 ildir doğma torpaqlarının həsrəti ilə yaşayan Qubadlı sakinləri də öz üzərlərində hiss edirlər. Qubadlının əhalisi respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşsalar da, onların problemlərinin həlli daim diqqətdədir.

Daha bir önəmli fakt ondan ibarətdir ki,  məcburi köçkünlərin təhsil, səhiyyə, sosial və digər problemlərinin həlli xeyli dərəcədə onların məskunlaşma yerlərinin spesifikası, demoqrafik vəziyyətin nəzərə alınması ilə bağlıdır.

Bütün bunlar onu göstərir ki, Qubadlı sakinləri də hər zaman dövlətə tam güvənirlər. Bu həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğısından irəli gələn hal kimi çıxış edir. Hazırda ölkəmizdə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün dövlət proqramından əlavə müxtəlif layihələr həyata keçirilir.

Qubadlının təhsil şəbəkəsinin bərpası, təhsil ənənələrinin qorunub yaşadılması üçün əsaslı işlər görülmüşdür. Qısa müddətdə onların daha sıx məskunlaşdığı Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisində müasir tələblərə cavab verən 20 yeni məktəb inşa olunmuş, 12 təhsil müəssisəsi əsaslı təmir edilərək yenidən qurulmuşdur. Hazırda rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Yeni dərs ilində qubadlılı yeniyetmələrin sevinclərinin üstünə yenisi də əlavə olunub. Sabunçu rayonunda yeni məktəb binasının tikintisi sona çatmaq üzrədir və hazırda son tamamlama işləri aparılır. Məlumat üçün bildirək ki, Xanlıq kənd tam orta məktəbi 2000-ci ildə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyətə başlayıb.  4 vaqondan və 49 şagirddən ibarət olan məktəb yayın istisi, qışın soyuğunda müəllimlərin şəxsi fədakarlıqları nəticəsində onlarla gənci yetişdirmiş, onların çoxu bu gün ali  məktəblərdə təhsillərini davam etdirirlər. Bu illər ərzində rayon rəhbərliyinin köməyi ilə həmin vaqonlarda istilik sistemi qurulmuş, məktəbin şəraiti bir qədər yaxşılaşmışdır. Lakin müasir dövrdə  belə təhsil müəssisəsi standartlara cavab vermirdi.

Ötən tədris ilindən Xanlıq kənd tam orta məktəbinin tikintisinə başlanıldı. Artıq tədris müəssisəsi növbəti dərs ilinə hazırdır. Belə ki, müasir tələblərə cavab verən 96 şagird yerlik ikimərtəbəli Xanlıq məktəbinin işıqlı dərs otaqları, ləvazimatlarla təchiz edilən idman zalı var. 10 sinif otağı, iki laboratoriya, kompüter kabineti və 1 kitabxana zalı var. Dərs ilinin əvvəllərində bütün otaqların kompüterləşəcəyi planlaşdırılır.

Buradakı otaqlardan biri də psixoloq üçün ayrılan kabinetdir. Həmin otaqda həkimlər məktəb şagirdlərinin sağlamlığının keşiyində duracaqlar. Çünki sağlam gənclik gələcəyin inkişafını müəyyənləşdirəcək amillərdən biridir.

Məktəbdə diqqəti çəkən otaqlardan biri də hərbi kabinetdir. Burada Milli qəhrəmanlarımız, ordu quruculuğu, əsgər və zabitlərin hünər və rəşadətini əks etdirən guşələr var.

Yeni dərs ilində Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyətə başlayacaq Xanlıq tam orta məktəbində 140 şagird təhsil alacaq. 18 müəllimin çalışacağı məktəbdə gələcəkdə şagird sayının 210 olacağı planlaşdırılır.

Məktəb təhsilin yarısıdır. Tezliklə xanlıqlı gənclər yeni, müasir tələblərə cavab verən bir məktəbdə təhsil alacaqlar. Bütün bunlar dövlətimizin diqqət və qayğısının təzahürüdür. 

 

A.ƏLİYEV,

“Azərbaycan”