Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qubalı yeniyetmələr də modul tipli məktəblərdə təhsil alacaqlar

13 Sentyabr 2017
 

Respublikamızda həyata keçirilən dövlət proqramları nəticəsində bütün regionlarda, eləcə də Quba rayonunda ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib.  Son illər rayonda bu istiqamətdə xeyli işlər görülmüş, yeni dərs ili ərəfəsində Çartəpə və Ərməki yaşayış məntəqələrinin hər birində 132 və Cağacıq kəndində isə modul tipli 56 yerlik yeni məktəb binaları tikilib. Əlavə olaraq İsnov, Çarxaçu, Ördüc, Zıxır, Qarxun kəndlərində də modul tipli məktəblərin inşası üçün müəyyən hazırlıq işləri görülüb. 

Məlumat üçün deyək ki, 2005-ci ilə qədər rayonda birtipli layihə üzrə tikilən məktəblərin sayı 17 idisə,  dövlət proqramları çərçivəsində  daha 55-i inşa edilmiş və birtipli layihə ilə tikilənlərin sayı 72-yə çatdırılıb. Həmçinin bu illər ərzində 10 məktəbdə əsaslı təmir işləri aparılıb. Yeni dərs ilinə hazırlıq mərhələsində Təhsil Nazirliyinin 2 saylı Ərazi Hesablaşma Mərkəzi tərəfindən Pirvahid, Dəlləkli, Zeyid məktəbləri də cari təmir olunub. Şəhər 1-7 saylı, Qaraçay, Ağbil, Qırmızı qəsəbə, Mirzəqışlaq və bir çox digər kənd məktəblərində təmir işləri başlanıb, həyətlərində abadlıq işləri aparılıb.

Məktəblərin payız-qış mövsümünə hazırlanması da diqqətdə saxlanılıb. Bu mövsümdə 135 ümumtəhsil məktəbindən 40-ı fərdi isitmə sistemi ilə qızdırılacaq. Digər 95 məktəbin qızdırılması üçün isə 1989 kubmetr odun sifariş verilərək   daşınmasına başlanılıb.

Təhsil ocaqlarının inventar və avadanlıqla təchizatına da diqqət artırılıb: bu il məktəblərə 345 parta, 4 elektron, 25 markerli, 180 adi yazı lövhəsi, kompüter dəstləri, ümumilikdə 41 adda 2718 inventar və avadanlıq verilib. Əgər əvvəlki il məktəblərdə 942 kompüter var idisə, hazırda bu rəqəm 1500-ə çatıb. 69 məktəbdə kompüter sinfi yaradılıb. Növbəti dərs ilində qubalı  6511 şagird internetdən istifadə edəcək. Hazırda məktəb kitabxanalarında 1051876 nüsxədən  ibarət kitab fondu var.

Ötən dərs ilində  qubalı məzunların ali məktəblərə qəbulu nəticələri də uğurludur. Attestat alan 1231 məzundan 609-u ali məktəblərə ərizə vermiş və qəbul imtahanlarında iştirak edib. Rayon üzrə 381 nəfər ali məktəblərə qəbul olunub.

Əvvəlki  tədris ili ilə müqayisədə ali məktəbə qəbul olanların sayı 32 nəfər artıb. Məzunlardan 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Ötən tədris ili ilə müqayisədə 600-dən yuxarı bal toplayanların sayı da 6 nəfər çox olub.

Bir maraqlı faktı da qeyd etmək yerinə düşər. 2017-ci ilin ali məktəblərə qəbul imtahanlarında Quba rayonu Əspərasti kənd sakini, 4 uşaq atası Qaziyev Əfsəl Seyfəl oğlu 48 yaşında tələbə adını qazanıb. O, Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinə daxil olub. Maraqlıdır ki, Əfsəl Qaziyev qəbul imtahanlarına qızı ilə birgə hazırlaşıb.

Onu da bildirək ki, ali məktəblərə yüksək balla qəbul olan məzunlara rayon icra hakimiyyətinin keçirdiyi tədbirdə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Yeni dərs ilində modul məktəblərdə təhsil alacaq qubalı şagirdlər onlara verilən dəyəri doğrultmağa çalışacaqlar. Unutmayaq ki, yaxşı təhsilin şəraiti olan məktəbdə qoyulan  bünövrəsi onun təməlindən asılıdır.

 

Akif ƏLİYEV,

“Azərbaycan”