Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hələ gec deyil

13 Sentyabr 2017
 

Fikrət Qoca

 

(Səfər dəftərindən)

 

Həyatın, insanlığın

Həvva ilk anasıydı,

Gələcəyin təməli,

Mənası, aynasıydı.

Cənnətdə yaşayırdı,

Eşq ilə, əda ilə.

Yaşayırdı ölümsüz,

Mənəvi qida ilə.

Biz də ondan törəyib

Yemək nədir, bilməzdik,

Doğulmazdıq, ölməzdik.

Qidamız gülün ətri,

Suyun səsi olardı.

Eşq insanın ilk sözü,

Son kəlməsi olardı.

Gözəl sadəlövh ana,

Sən aldandın şeytana,

Tamah hökmran oldu.

İnsan ömrü zamanda

Axıb gedən an oldu.

Tamah insan beyninə,

Qəlbinə hakim oldu.

Allah insan yaratdı,

İnsan gəldi kim oldu?!

Allah cənnət vermişdi

Bizə bu yer üzünü,

İnsan cəhənnəm etdi,

Oda saldı özünü.

Torpaq altında silah...

Suyun dibində silah...

Silahlar kürt yatıbdı,

Günah doğacaq, günah...

Onsuz da bu yer üzü

Nəhəng qəbiristanlıqdı.

Həvva sirrin qoruyan

Kilidli bir sandıqdır.

Bəlkə hələ gec deyil

İnsan göz yaşlarıdı

Bu leysanlar, yağışlar.

Allah bağışlayandı...

Bəlkə tövbə vaxtıdı,

Allah bizi bağışlar.