Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT KXDR-ə qarşı sanksiyaları sərtləşdirdi

12 Sentyabr 2017
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul etmişdir. Qətnamə layihəsi ABŞ tərəfindən KXDR-in son nüvə sınaqlarına cavab olaraq hazırlanıb səsverməyə çıxarılmışdır. Bu barədə “RİA Novosri” agentliyi xəbər verir.

Məlumata görə, qətnamə neft məhsullarının KXDR-ə satılmasına məhdudiyyət qoyulmasını nəzərdə tutur. Beləliklə, Şimali Koreya xaricdən ildə 2 milyon bareldən çox neft məhsulu ala bilməyəcək.

Bundan əlavə, Şimali Koreya qaz kondensatı ala bilməyəcək və özünün toxuculuq məhsullarını ixrac etməkdən məhrum olacaq.

Ötən il toxuculuq məhsullarının ixracı KXDR-ə 760 milyon dollarlıq qazanc gətirmişdir. Bu, kömür satışından əldə olunan vəsaitdən sonra Şimali Koreyanın ixracatının qazanca görə ikinci göstəricisidir. Keçən il KXDR-in ümumi ixracatı 3 milyard dollar təşkil etmişdir.

Hazırkı qətnamə 2016-cı ildən bəri sayca doqquzuncudur və özündə KXDR-ə qarşı ən sərt sanksiyaları ehtiva edir.