Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə 60-dan çox FETÖ-çü saxlanıldı

12 Sentyabr 2017
Türkiyədə FETÖ terrorçu təşkilatı ilə əlaqədə şübhəli bilinən 63 nəfər, o cümlədən təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları saxlanmışdır. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.

Polis ötənilki dövlət çevrilişi cəhdinin təhqiqi çərçivəsində Milli Kəşfiyyat Təşkilatının (MİT) 45 sabiq əməkdaşını saxlamışdır. Bundan əvvəl onlar dövlət aparatının təmizlənməsi prosesində işdən azad olunmuşdular.

“Anadolu” agentliyinin xəbərinə görə, dövlət təhlükəsizliyi qüvvələri ölkənin 21 vilayətində şübhəli şəxsləri üzə çıxarmaq üçün növbəti xüsusi əməliyyat keçirmişdir.

Ötən ayın axırlarında Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində 928 dövlət qulluqçusu və hərbçi vəzifəsindən azad edilmişdir. Onlar dövlət əleyhinə fəaliyyətlə məşğul olan təşkilatlarla əlaqədə şübhəli bilinmişlər.

Vəzifəsindən azad edilənlər arasında Türkiyə ordusunun quru qüvvələrinin 100-dən çox zabiti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin 50-dək əməkdaşı var.

Ümumilikdə keçən ilin iyul ayından bəri Türkiyədə FETÖ ilə əlaqədə təqsirləndirilən 140 mindən çox adam işindən azad edilmişdir.