Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmələri hər yarım ildən bir təqdim olunacaq

12 Sentyabr 2017
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmələri hər yarım ildən bir təqdim olunacaq. İlin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələri təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Həmin monitorinq və qiymətləndirmələr daha çox nəticə əsaslı olacaq. Çünki bütün indikatorlar illik tərtib olunduğuna görə yarımillik monitorinq və qiymətləndirmədə tərtib olunmuş indikatorlar qarşıya qoyulmuş hədəflər üzrə deyil, konkret fəaliyyətlər üzrə həyata keçirilib. Bu cür qiymətləndirmə Strateji Yol Xəritəsinin çox praktik, əhəmiyyətli və nəticə verən sənəd olmasını bir daha göstərib. Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. Bu, onu deməyə əsas verir ki, bütün tədbirlər ilin sonunadək icra ediləcək, əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq", - deyə V.Qasımlı qeyd edib.

İcraçı direktor bildirib ki, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 6 faizi icra olunub, 42 faizinin isə icrasına başlanılıb. Dövlət Satınalamaları haqqında qanun layihələri işlənilib. Bunun əhəmiyyəti ondan ibarətdir ki, dövlət satınalmaları zamanı kiçik və orta sahibkarlığın bu satınalmalarda iştirak imkanı daha da genişləndiriləcək, ölkənin qeyri-neft sektorunun, xüsusən kiçik və orta sahibkarlığın hesabına daha münbit şərait yaradılacaq. Eyni zamanda, rəqabət məcəlləsi və müflisləşmə haqqında qanun layihələri də işlənib. Bu, bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və xarici investorların cəlbi baxımından əhəmiyyət kəsb edir.

Hesabatda əsas problemlər də müəyyənləşdirilib. Kiçik və orta sahibkarlıq sahəsində əsas problemlər "Tik - idarə et - təhvil ver" modelinin bundan sonra da daha sürətlə inkişaf etdirilməsi ilə bağlı tövsiyələr, özəl sənaye klasterləri, model müəssisə, kredit zəmanət fondunun yaradılması, biznes-inkubatorun yaradılması, startap layihələrinin dəstəklənməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi buna misaldır.

V.Qasımlı deyib: "Eyni zamanda, uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin 88 faizi ya icra olunub, ya da icrasına başlanılıb. Artıq Yasamal kompleksində 1 və 9 mərtəbəli binanın tikintisinə start verilib. Binanın yaxınlığında orta məktəb və bağça kompleksi də inşa olunur. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub".

İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin uğurla davam etdiyini deyən İİTKM-nin icraçı direktoru diqqətə çatdırıb ki, bu ilin ilk 6 ayında Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Bu dövrdə xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb. Koordinasiyanın həyata keçirilməsi üçün Turizm Şurasının yaradılması, Milli Turizm Təbliğat Bürosunun təşkili, elektron vizanın verilməsi üçün müddətin 3 gündən 3 saata qədər endirilməsi, Bakı Ticarət Festivalının təşkili bütövlükdə strateji yol xəritələri çərçivəsində aparılan tədbirlər olaraq ölkədə turizmin inkişafına öz töhfəsini verib.

Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrasına başlanılmış tədbirlər 59 faiz təşkil edir. Orta peşə sahəsində ixtisasların sayı 123-dən 154-dək artırılıb.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 44 faiz təşkil edir. TASİM layihəsi ilə bağlı texniki iqtisadi əsaslandırmanın həyata keçirilməsi təmin edilib. E-dərslik edu.az portalında yeni dərsliklərin yerləşdirilməsi təmin edilib.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 70 faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkı, "Daşkəsənfilizsaflaşdırma" ASC, "Azəralüminium" ASC ilə bağlı müəyyən işlər həyata keçirilib.

"Bütövlükdə strateji yol xəritələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. Belə şəffaf, hesabatlı bir monitorinq və qiymətləndirmə sisteminin qurulması strateji yol xəritələri üzrə Azərbaycan hökumətinin məhz açıq hökumət prinsipləri üzərində həyata keçirdiyi siyasətə tam uyğundur", - deyə V.Qasımlı vurğulayıb.