Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda türk dünyasının ortaq tarixi dövrlərinə dair beynəlxalq elmi konfrans başlayıb

12 Sentyabr 2017
Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunan tədbir “İNOCTE 2017-“Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də gül düzülüb.

Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şərqi və qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələrinin müzakirə edilməsi və fikir mübadiləsi aparılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, məqsəd türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaqdır.

Türk xalqlarının müxtəlif dövrlərdə yaşadığı tarixi-siyasi hadisələrdən danışan akademik bu proseslərin səbəb olduğu sosial-iqtisadi dəyişikliklərdən, yeni formalaşan etnik-mədəni dəyərlərdən, bunların xalq və dövlətlərin inkişafındakı rolundan söz açıb. Türkoloji məsələlərlə bağlı AMEA-da bir çox tədbirlərin keçirildiyini xatırladan İ.Həbibbəyli konfransın elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Konfransın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən konqresin baş əlaqələndiricisi, professor Alaattin Aköz üç gün davam edəcək simpoziumun işinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edib, müvafiq mövzu ilə bağlı fikirlərini səsləndirib və təkliflərini irəli sürüb. O, ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, eləcə də problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilmələrinin vacibliyini vurğulayıb.

Türk Tarix Qurumunun sədri, professor Refik Turan müxtəlif tarixi dövrlərdə yaşayıb yaratmış məşhur türk alimlərinin bu gün də istifadə olunan elmi tədqiqatlarından, dünya elminə verdiyi töhfələrdən danışıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın Azərbaycan ilə Türkiyə arasında elmi-mədəni əlaqələrin genişləndirilməsinə layiqli töhfə verəcəyinə əminliyini bildirib. O, tədbirin təşkilini iki qardaş xalqın birgə elmi araşdırmalarının gələcək perspektivlərindən xəbər verdiyini diqqətə çatdırıb.

Konfransda Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və digər çıxış edən alimlər türk dünyasının problemlərindən və inkişaf meyillərindən, türklərin tarixboyu nə qədər qəhrəman, mübariz bir xalq olmasından danışıblar.

Şərqi və qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən bəhs edən alimlər qədim türk yazılı mənbələrinin yenidən tədqiqinin, ortaq dəyərlərin qorunub saxlanılmasının və ayrı-ayrı türkoloji mərkəzlərin münasibətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra bir qrup alimə təşəkkürnamələr təqdim edilib.

Plenar iclasdan sonra konfrans işini ADPU-da bölmə iclasları ilə davam etdirib. İclaslarda azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur.

Konfrans sentyabrın 14-dək davam edəcək.