Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12 Sentyabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki səfir Rustam Soliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Rustam Soliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi və qeyd etdi ki, Tacikistan Prezidenti ilə keçirdiyi görüşlər zamanı əməkdaşlığımızın daha da genişlənməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. İqtisadi əlaqələrimizə toxunan dövlətimizin başçısı ölkələrimizin nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı dedi ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Respublikasında səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda dövlətimizin başçısı ilə görüşmək arzusunu Prezident İlham Əliyevə çatdırdı. Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərimizin əsasının ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Səfir qeyd etdi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir və ölkələrimiz BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.

Görüşdə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş etdi.