Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Mərkəzində möhtəşəm aviaşou

12 Sentyabr 2017
 

Mərkəzin parkında həftəsonları təşkil olunan əyləncəli proqramlar insanların mədəni istirahətinə xidmət edir

 

Müasir Bakının simvollarından hesab edilən Heydər Əliyev Mərkəzi araşdırma və beynəlxalq dialoq mərkəzi olmaqla yanaşı, insanların mədəni istirahətini və əyləncəsini təmin edən bir məkana çevrilib. Xüsusən də mərkəzin parkında tez-tez müxtəlif sərgilər, əyləncə tədbirləri, masterklaslar və şoular təşkil edilir. Artıq ənənə halını alan bu cür mərasimlər həm paytaxt sakinləri, həm də şəhərin qonaqları tərəfindən sevinclə qarşılanır. Əsasən də uşaqlar üçün nəzərdə tutulan proqramlar daha maraqla izlənilir.
Heydər Əliyev Mərkəzinin parkında adətən həftəsonları baş tutan belə tədbirlərə misal olaraq uşaqlar üçün açıq havada təşkil olunan rəsm və idman dərslərini, müxtəlif intellektual və idman oyunlarını, “Sevimli Bala” uşaq klubu ilə birgə təşkil olunan yaradıcılıq gününü, “Dihaj” qrupunun konsertini, həmçinin bir-birindən maraqlı və əyləncəli yarışları göstərmək olar. Mərkəzin parkında izləyicilərin həyəcanı ilə müşayiət olunan belə tədbirlərdən biri də aviamodellərin ilk uçuş şousu və sərgisi idi. Ötən həftəsonu keçirilən aviaşou izləyicilərin həyəcanı ilə müşayiət olundu.

 

Aviamodellərin həyəcanlı manevrləri alqışlarla qarşılandı

 

Tədbir Heydər Əliyev Mərkəzi və Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil edilmişdi. Şou-sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-dan çox aviamodel vardı. Bunlardan 21 aviamodel sərgidə nümayiş etdirildi. 10 kodlu və radioidarəolunan tipli aviamodel isə mərkəzin parkında səma üzərində müxtəlif manevrlər edərək maraqlı şou göstərdi. Şou zamanı tamaşaçılara uçuşların trayektoriyası və hər bir model haqqında qısa məlumatlar verilirdi. Bir-birindən fərqli dizayn və üslubda hazırlanmış aviamodelləri hərəkətə gətirən yanacaq texniki spirt idi. Milli Aviasiya Akademiyası mütəxəssislərinin və tələbələrinin xüsusi ustalıqla hazırladıqları bu modellər təqribən 10-15 dəqiqə səmada manevr edə bilirdi. Sevindirici hal idi ki, şounu təkcə balacalar yox, böyüklər də maraqla izləyirdilər. Seyrçilər arasında xeyli sayda turist də görünürdü. Onlar hər bir çıxışı alqışlarla qarşılayır və aviamodellərin havadakı manevrlərini sonadək maraqla izləyirdilər.
Mərasimdə, eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlanan şəxslər üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlim keçirdi. Çünki təyyarə modellərinin necə hazırlanmasına insanlar arasında da böyük maraq var. Bəziləri hətta masterlərdən əlaqə vasitələri istəyirdilər ki, sonradan görüşüb müəyyən sifarişlər versinlər.

 

“Bu cür tədbirlər biz uşaqları ixtiralara, yaradıcı işlər görməyə həvəsləndirir”

 

Şou yekunlaşdıqdan sonra aralarında uşaqlar da olmaqla izləyicilərdən bir neçəsinin təəssüratını öyrəndik. Onlar bu tədbiri çox bəyəndiklərini və dəyərli məlumatlar aldıqlarını bildirdilər. 10 yaşlı Kərim Hüseynli şouya 11 yaşlı bacısı Fatimə ilə qatılmışdı. Kərim şounu çox xoşladığını və Heydər Əliyev Mərkəzinin parkına tez-tez gəldiyini dedi: “Burada hər həftə maraqlı tədbirlər keçirilir. Parka ailəmlə, dostlarımla tez-tez gəlirəm. Bugünkü şou daha maraqlı idi. Müxtəlif təyyarələrin, vertolyotların uçuşu bizi çox həyəcanlandırdı. Mənim əslində, uşaq vaxtımdan robotlora, müxtəlif qurğulara marağım olub. Həmişə bu oyuncaqları quraşdırmaqdan, onların necə düzəldiyini öyrənməkdən xoşum gəlib. İndi də bu təyyarələrin konstruksiyasına baxarkən, müəllim və təlimçilərin onları necə hərəkətə gətirdiklərini gördükcə, yeni çox şeyləri öyrəndim”.
Fatimə də bu şoudan yüksək təəssürat almışdı: “Çox əyləncəli idi. Mənə xoş gələn o oldu ki, bu uçuşları uşaqlarla yanaşı, yaşlılar da həyəcanla izləyirdi. Bu cür tədbirlər biz uşaqları ixtiralara, yaradıcı işlərə, konstruksiyaları quraşdırmağa həvəsləndirir. Yəni, boş vaxtımızı daha məsuliyyətli, maraqlı işlərə yönəldə bilərik və bu işin nəticəsində böyük zövq alarıq”.
Bakı şəhər sakini Ziyəddin Mənsimov isə nəvələri Yusif və Zəhra ilə birlikdə şounu izləyirdi. Baba nəvələrinin buraya gəldiklərinə görə çox sevindiklərini vurğuladı: “Yaşları az olduğundan uçan təyyarələri ancaq televizorda, cizgi filmlərində görüblər. Burada isə onların həqiqətən uçduğunu və real olduğunu gördülər. Ümumiyyətlə, belə şeylər uşaqlar üçün hər zaman maraqlı olur. Ona görə də çalışıram ki, boş vaxtlarımda nəvələrimi gəzintiyə çıxarım. İstəyirəm ki, onlar hər şey barədə məlumatlı olsunlar. Bu parkda isə ilk dəfədir oluram. Eşitdiyimə görə, burada həftəsonları uşaqlar üçün maraqlı tədbirlər keçirilir. Belə tədbirlər uşaqların zehni inkişafına, dünyagörüşünə kömək olur. Buna görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə də minnətdarlıq edirəm”.

 

“Parkda belə mükəmməl şəraiti yaradanlar, əslində, ulu öndərimizin ruhunu şad edirlər”

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vüsalə Hüseynova 7 yaşlı qızı Leyla ilə aviaşounu izləyirdi. Onların da təəssüratı yüksək idi: “Biz bu parka mütəmadi gəlirik. Heydər Əliyev Mərkəzi həqiqətən Bakının ən gözəl məkanlarından birincisidir. Buranın rahatlığını təmin edən əsas özəllik isə parkın ərazisindəki qazonlarda insanların gəzmələrinə, uşaqların oynamasına problem yaradılmamasıdır. Özünüz görürsünüz, uşaqlar burada necə sərbəstdirlər, sevinclidirlər. Turistlər də heyrətlə buranı seyr edirlər. Hesab edirəm ki, bu parkda belə mükəmməl şəraiti yaradanlar, əslində, ulu öndərin ruhunu da şad edirlər. Çünki Heydər Əliyevin adını daşıyan mərkəzin parkı minlərlə insanın, əsasən də ulu öndərin çox sevdiyi uşaqların sevimli istirahət yerinə çevrilir”.
Göründüyü kimi, Bakı şəhərinin digər parklarından fərqli olaraq Heydər Əliyev Mərkəzinin parkında vətəndaşların sərbəsliyi, insanların asudə vaxtlarını səmərəli və effektiv keçirmələri üçün yaradılan şərait çox yüksək qiymətləndirilir. Sözügedən tədbirin də əsas məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaq idi.

Elgün MƏNSİMOV,
Ağaəli MƏMMƏDOV,
“Azərbaycan”