Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndi Gədəbəy təkcə kartofu ilə tanınmır

12 Sentyabr 2017
 

Rayonda taxılçılıq, heyvandarlıq və meyvəçilik də sürətlə inkişaf edir

 

Ölkəmizin ümumi inkişaf dinamikasında bölgələrimizin də xüsusi yeri var. İndi regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, qeyri-neft sektorunun inkişafını sürətləndirmək, xüsusilə aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, bununla da əlverişli investisiya şəraiti yaratmaq dövlət başçısının həyata keçirdiyi siyasətin əsas prioritetlərindəndir. Regionların inkişafına göstərilən bu diqqət və qayğı sayəsində həm kənd və qəsəbələrin siması dəyişir, həm də əhalinin güzəranı yaxşılaşır.

Bu inkişaf digər rayonlar kimi, Gədəbəydə də hər addımda hiss edilir. Dağlar qoynunda yerləşən və gözəl təbiəti ilə seçilən rayonda son illər aparılan abadlıq və quruculuq işlərinin sayı-hesabı yoxdur. Xüsusilə Prezident

İlham Əliyevin bu rayona hər səfəri insanlarda işgüzarlığın daha da artmasına səbəb olur. Bu ilin avqust ayının 20-də növbəti səfəri zamanı rayon sakinləri ilə keçirdiyi görüşdə həyata keçirilən abadlıq və yenidənqurma işlərinə yüksək dəyər verən dövlət başçısı demişdir: “Gədəbəy rayonunda sosial-iqtisadi məsələlər öz həllini tapır. Rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, bu günə qədər həll olunmamış məsələlər də öz həllini tapsın və rayonda işlər həmişə yaxşı getsin”.

Qeyd edək ki, Prezident İlham Əliyev Gədəbəyə bu səfərində də bir neçə obyektin açılışını etmişdir. O cümlədən Gədəbəy Mineral Sular Zavodunda yeni istehsal sahəsinin açılışında iştirak edərək burada sadə peşə adamları ilə səmimi söhbətlər aparmışdır.

Məlum olduğu kimi, rayon iqtisadiyyatının əsasını heyvandarlıq və kartofçuluq təşkil edir. Son illər taxılçılığın inkişafı da ön plana çəkilmişdir. Əsasən dəmyə şəraitində yetişdirilən taxılın məhsuldarlığı bu il pis olmamışdır. Belə ki, 1322 hektarda taxıl (1217 hektarda buğda, 105 hektarda arpa) yetişdirilmişdir ki, bu da hər hektardan 27 sentner məhsul deməkdir. Ümumiyyətlə, Gədəbəydə taxıl istehsalının artırılmasına kənd sakinləri böyük maraq göstərirlər. Məsələn, bu il slavyankalılar 265, Zəhmət kəndinin sakinləri 212, novosaratovkalılar 105, Düzyurd kəndinin əkinçiləri 60 hektarda taxıl əkmiş və bol məhsul götürmüşlər. İndi payızlıq şum üçün hazırlıq görülür.

Azərbaycanın əsas kartof istehsalçısı olan Gədəbəydə bu il 11963 hektarda kartof yetişdirilmişdir. Bu günlər kartof yığımına başlanılmışdır. İlkin göstəricilər pis deyil. Bu işdə də Slavyanka və Zəhmət kəndlərinin sakinləri fərqlənirlər. Zəhmət kəndinin sakinləri Arzu Hüseynov 1,5, Mətləb Yusifov 3 hektarda kartof əkmişlər. Keçən il hər hektardan 200 sentner məhsul götürən Mətləb Yusifov deyir ki, bu il həmin göstəricini artırmaq əzmindədir.

Qeyd edək ki, keçən il rayonda 109,1 min ton kartof istehsal edilmişdir ki, bu da, gədəbəylilərin dediyinə görə, ürəkaçan göstərici deyil. Bunun əsas səbəbi bitki göyərən vaxt dolu düşməsi oldu. Ancaq insanlar ruhdan düşmədilər. Bu il yenidən yetərincə kartof əkdilər. Hətta rayonda elə sakinlər var ki, 5-6 hektar sahədə kartof yetişdirib. Nofəl Qasımov, Firuddin Məmmədov belələrindəndir. Onların hər biri pay torpaqlarında, eləcə də icarəyə götürdükləri sahələrdə kartof yetişdirmişlər. Saratovka kəndinin sakini Əli İsmayılov isə daha çox - 10 hektarda kartof əkmişdir.

Hazırda rayonda 49,1 min baş qaramal, 252,6 min baş davar saxlanılır. Heyvandarlığın intensiv inkişafı və cins tərkibinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir ki, onlardan biri də süni mayalamadır. Bu məqsədlə cari ilin 8 ayı ərzində fərdi təsərrüfatlarda 61 baş sağlam bala alınmış, hər balaya görə  sahibinə 100 manat subsidiya ödənilmişdir.

Ümumiyyətlə, dövlətin aqrar sahənin inkişaf etdirilməsi məqsədilə etdiyi güzəştlərdən Gədəbəy rayonunun istehsalçıları yetərincə yararlanırlar. Bu il buğda istehsalçılarına 76,9 min, kartof istehsalçılarına 71,3 min manat subsidiya hesablanmışdır. Yaxın vaxtlarda həmin vəsait təsərrüfat sahiblərinə ödəniləcək.

Bu il rayonda yeni meyvə bağları da salınmışdır. Yerli icra nümayəndələrinin, bələdiyyələrin və iş adamlarının dəstəyi ilə 46 hektarda alma, armud, qoz və fındıq ağacları əkilmişdir. Hazırda bağlara aqrotexniki qaydalarda xidmət göstərilir. Həmin bağların sahəsini genişləndirmək məqsədilə payız aylarında yeni tinglərin əkilməsi də nəzərdə tutulmuşdur.

Bir sözlə, Gədəbəydə iş öz ahəngi ilə gedir. İnsanlar çalışır, həm öz güzəranlarını yaxşılaşdırır, həm də ərzaq bolluğu yaradılması üçün dövlətin qarşıya qoyduğu tapşırıqları yerinə yetirirlər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”