Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İş də var, nəticə də

12 Sentyabr 2017
 

Qeyri-neft sektorunda inkişafı təmin etmək, kənd təsərrüfatında ənənəvi sahələrin yüksəlişinə nail olmaq, ixrac potensialını artırmaq üçün İmişli rayonunda da bütün qüvvələr səfərbər edilmişdir. Bu məqsədlə pambıqçılıqla məşğul olan şirkətlərlə işgüzar əlaqələr yaradılmış, təcrübəli fermerlərlə, baramaçılarla səmərəli görüşlər keçirilmiş, onların təklifləri dinlənilmişdir.

Ötən il imişlililər üçün uğurlu olmuş, taxıl, şəkər çuğunduru, tərəvəz, heyvandarlıq məhsulları istehsalında diqqətəlayiq nəticələr qazanılmışdır. Rayonun “ağ qızıl” usataları  5051 hektar sahədən 10.204 ton pambıq yığmışlar. Cari ildə isə pambıq əkinlərinin sahəsi üç dəfədən də çox artırılaraq 18000 hektara çatdırılmışdır. Pambıqçılıqda 2017-ci ilin hədəfi də məlumdur:  30 min ton “ağ qızıl”. Bu hədəfə çatmaq üçün rayon icra hakimiyyətində fəaliyyət göstərən qərargah qarşıya çıxan çətinlik və problemləri aradan qaldırmaqdan ötrü operativ tədbirlər görür.

İndi pambıqçılıqda məsul dövrdür. Tarlaların becərilməsi aqrotexniki qaydalar əsasında davam etdirilir. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, kollardakı qozaların, bar orqanlarının sayı sürətlə artır, məhsul bolluğuna etibarlı zəmin yaradılır. Təkcə bu faktı xatırlatmaq kifayətdir ki, pambıq suya çox tələbkardır. Suvarmanın gecikdirilməsi  məhsuldarlığın xeyli aşağı düşməsini qaçılmaz edir. Odur ki, torpaq istifadəçilərinin sudan korluq çəkməmələri üçün zəruri tədbirlər görülmüşdür. Pambıq sahələrini suvarma suyu ilə təmin edən kanal və arxlar vaxtında təmir edilir, tarlaların suvarılmasında heç bir problem yaşanmır. Rayonda böyük əhəmiyyətə malik “Boztəpə”, “Osman kanal”, “Qızılarx” və “Xəkiarx” adlanan kanalların daim işlək vəziyyətdə olması, yüksək suötürücülük qabiliyyətini qoruyub saxlaması üçün melioratorlar da böyük əmək sərf etmişlər.

Təcrübəli mütəxəssislər cari ili pambıqçılıq üçün əlverişli hesab edirlər. Günəşli günlər, havaların isti keçməsi pambıq kollarının normal inkişafı üçün vacib şərtlərdən sayılır. Cərgə aralarına vaxtaşırı çəkilən kultivasiyalar, sahələrə verilən yemləmə gübrələri, xəstəlik və zərərvericilərə qarşı təsirli mübarizə, vaxtında aparılan keyfiyyətli suvarma məhsul bolluğunun əsas şərtləridir.

Rayonun təcrübəli pambıqçısı Muradxanlı kənd bələdiyyəsinin sədri Elbrus Abbasov dedi ki, pambıqçılığı inkişaf etdirmək üçün dövlət bizə lazım olduğundan da artıq qayğı və diqqət göstərir. Bu strateji məhsul həm ölkəmizə valyuta gətirir, həm on minlərlə yeni iş yeri açır, həm də biz kəndlilərin dolanışığını təmin edir. Keçən il 50 hektarda pambıq əkmişdik. Hər hektardan 45 sentner məhsul götürdük. Bu il isə 200 hektar sahədə pambıq əkmişik. Çəkdiyimiz zəhmət, axıtdığımız alın təri hədər getməyib. Bara dolmuş kollar üzə gülür. Bu il hər hektardan azı 25 sentner pambıq götürmək əzmindəyik. Artıq qozalar açılır. Bir neçə gündən sonra tarlalar ağ örpəyə bürünəcək.

Son illər İmişlidə baramaçılığın inkişafına da böyük önəm verilir. Keçən il 168 qutu ipəkqurdudan 3.794 kiloqram barama istehsal edilmişdir. Etibarlı yem bazası baramaçılığın inkişafında əsas olduğu üçün ötən ilin payızında 37 min tut tingi əkilmişdir. Rayon ərazisində əvvəllər əkilən 12 mindən çox tut ağacı da siyahıya alınmış, vaxtında budama işləri aparılmışdır. Nəticədə kümçülər bu il barama istehsalını ötən illə müqayisədə iki dəfə artırmağa nail olmuşlar.

Rayonda mövcud torpaq sahələrindən səmərəli istifadə etmək üçün dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun məqsədyönlü tədbirlər həyata keçirilir. “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji Yol Xəritəsi”nə uyğun rayonun inzibati ərazisində yerləşən qış-otlaq sahələrindən 10.211 hektarlıq ərazi Nazirlər Kabnetinin qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 hektar qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi istiqamətində sənədləşmə işləri aparılır.

İmişli rayonunda sosial infrastruktur layihələri də uğurla həyata keçirilir. 23 kilometrlik İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Şəhərin  küçələrinə 5646 metr uzunluğunda asfalt örtük salınmışdır. Əhalinin içməli su, təbii qaz, elektrik enerjisi ilə təminatı əsaslı şəkildə yaxşılaşmışdır.

Bir sözlə, dövlətin qayğısından güc alan imişlililər ölkə iqtisadiyyatına sanballı töhfələr vermək üçün ürəklərinin təpərini, əllərinin hərarətini əsirgəmirlər.

 

Lazım QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”