Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Masallıda çəltikçiliyə böyük maraq var

12 Sentyabr 2017
 

Son dövrlərdə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi Masallı çəltikçilərinin də ürəyindən olmuşdur. Bir neçə ildir ki, onlar yenidən çəltik əkməyə başlamışlar. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi Masallı çəltikçiləri arasında da böyük ruh yüksəkliyi yaratmışdır.

Belə ki, onlar həm bu sahəyə dövlətin göstərdiyi qayğıdan ruhlanır, həm də qarşıya qoyulan mühüm vəzifələri yerinə yetirmək üçün məsuliyyət hiss edirlər. Rayonda çəltik yığılan sahələrə baş çəkərkən bunun şahidi olduq.

Çəltikdən hasil olunan düyü ən faydalı qida məhsullarındandır. Milli mətbəximizdə onun xüsusi yeri var. Bayramlarda, əlamətdar günlərdə, xeyirdə-şərdə süfrələrə düyü xörəyi - aş verilir. Bu ləziz xörəyin ölkəmizdə 100-dən çox növü var. Elə buna görə də çəltik yetişdirmək həmişə şərəfli peşə sayılıb.

Bazar-dükanlarda xarici ölkələrdən gətirilən müxtəlif adda düyü məhsulları çoxalıb ucuz qiymətə satılanda yerli çəltikçilər peşələrindən əl çəkməli oldular. Getdikcə insanlar başa düşdülər ki, onların istifadə etdiyi estetik baxımdan gözəl görünən düyü süni yolla hazırlanırmış. Beləliklə, yerli düyüyə tələbat yarandı. Lənkəran, Astara, Masallı rayonlarında bu iş təzədən vüsət aldı. Fermerlər, torpaq mülkiyyətçiləri, sahibkarlar çəltik əkməkdən canla-başla yapışdılar. İndi onlar yetişdirdikləri düyünün hər kiloqramını 6-7 manata satırlar. Müştəriləri də istənilən qədərdir. Masallı rayonunda bu il 195 hektarda çəltik əkilmişdir. Keçən il isə çəltik əkilmiş sahə cəmi 8 hektar olmuşdur. Torpaq mülkiyyətçiləri, fermerlər əkini vaxtında aparmış, sahələrə nümunəvi qulluq göstərmişlər. Çəltik suya ən çox tələbatı olan bitkilərdəndir. Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi buna görə səylə çalışmış, əkinləri sudan korluq çəkməyə qoymamışdır. Nəticədə Boradigah, Qarğalıq, Xıl, Şıxlar, Sərçuvar kəndlərində yaxşı məhsul yetişdirilmişdir.

Artıq çəltik biçininə başlanılıb. Qarğalıq kəndi ərazisində Hasil Hüseynovun sahəsindən qalxan düyü ətri uzaqdan da hiss olunurdu. Məhsul hələ tam hasilə gəlməsə də, təbii düyü, onun gözəl ətri barədə deyilənləri təsdiqləyirdi. H.Hüseynov 3,5 hektar sahədə məhsul yetişdirib. Natəvan Quliyeva, Əfsanə Abasova, Ceyran Nuriyeva, Ülviyyə Muradova və başqaları çəltiyi oraqla biçib dərzləyir, cərgə ilə düzürdülər. Briqadir Ziya Muradovdan məhsulun nəyə görə kombaynla yox, oraqla biçildiyini soruşduq. Dedi ki, əvvəla, çəltikbiçən kombaynımız hələlik yoxdur, taxılbiçən isə müəyyən itkiyə yol verir. Bir də indi onu biçib dərz şəklində bir müddət saxlayırıq, dərzlər qalıb quruyur. Belə etməsək, sahədə müəyyən qədər nəmlik qaldığından məhsulun tam quruması ləngiyir, onda da məhsulun bir hissəsi itkiyə gedir. Belə ki, sərçələr çəltiyə dadanır, məhsulu yeyib aparır. Bütün bunları nəzərə alaraq planlaşdırmışıq ki, biçini beş iş gününə başa çatdıraq. Biçilmiş dərzlər tam quruyandan sonra taxılbiçən kombaynın vasitəsilə döyüləcək.

Biçinçilər hər iş gününün axırında 10 manat alırlar. Onlar bundan razıdırlar. Üstəgəl onların nahar fasiləsi üçün burada lazımi şərait yaradılmışdır. İşçilərə samovar çayı, isti yemək verilir. Bu mövsümdə çəltikçilər məhsullarını döyüb düyü halına salmaqdan ötrü Lənkəran və ya Astara rayonlarına getməyəcəklər, çünki Şıxlar kəndindəki köhnə dəyirman əsaslı şəkildə təmir edilərək işlək vəziyyətə gətirilmişdir.

Şıxlar kəndində Elşad Abdullayevlə görüşdük. O, 5 hektar sahədən əldə etdiyi çəltiyi düyü halına salmaq üçün dəyirmana gətirmişdi. Dedi ki, hər hektardan 2,5 ton hazır məhsul gözləyir.

Ümumiyyətlə, Masallıda çəltikçiliyə maraq ildən-ilə artır və düyüsü əhali tərəfindən rəğbətlə qarşılanır. Niyə də qarşılanmasın?! Axı “Haşimi”, sədri və digər növdən olan ətirli düyülər süfrələrin bəzəyinə çevrilir.                                    

 

Seyran CAVADOV,

“Azərbaycan”