Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qurban Qurbanov: İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür

11 Sentyabr 2017
Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ” komandası sabah səfərdə “Çelsi”nin qonağı olacaq.

AZƏRTAC “Qarabağ” Futbol Klubunun saytına istinadla xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bölüşüb.

O deyib: “Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir. Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafiəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Komandamızın müdafiəçisi Yakub Jezniçak da öz fikirlərini bildirib: “Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik. "Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam”.