Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan "WorldFood Moscow" sərgisində "Made in Azerbaijan" milli stendi ilə təmsil olunur

11 Sentyabr 2017
Rusiya Azərbaycanın əmtəə dövriyyəsində ixrac sahəsində, o cümlədən neft ixracı sahəsində birinci yeri tutur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev sentyabrın 11-də Azərbaycanın eksklüziv partnyor olduğu XXVI "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin təntənəli açılış mərasimində deyib.

Sahil Babayev bildirib ki, Azərbaycan və Rusiya müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. Ölkələrimiz arasında münasibətləri strateji əməkdaşlıq əlaqələri kimi səciyyələndirmək olar. Nazir müavini deyib: "Ötən ilin göstəricilərinə nəzər salsaq, Rusiya Azərbaycanın əmtəə dövriyyəsində ixrac sahəsində, o cümlədən neft ixracı sahəsində birinci yeri tutur. Bu il bizim Rusiyaya əmtəə ixracımız 55 faizdən çox artıb. Biz ilk dəfə bu mötəbər sərgidə "Made in Azərbaijan" milli stendi ilə təmsil olunuruq. Stendimizdə Azərbaycanın 30-dan çox şirkəti öz məhsullarını təqdim edir. Azərbaycanın məhsulları özünün keyfiyyəti, orqanikliyi və rəqabətqabiliyyətliliyi ilə fərqlənir".

Beynəlxalq Ərzaq Sərgisində vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli şirkətlərimizin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, dondurma, şokolad və s. təqdim edilir. Sərginin Azərbaycan stendi tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyəti rəhbərləri tərəfindən ziyarət olunur, ölkəmizin biznes və investisiya mühiti, Azərbaycan mətbəxi, milli musiqimiz və rəqslərimiz təqdim edilir.

Sentyabrın 14-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunur.

Qeyd edək ki, Azərbaycanın "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yeganə eksklüziv partnyoru olması sərginin açılış mərasimindəki banerlerdə, sərginin internet səhifəsində və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd olunub. Sərgi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat verilir, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin eksklüziv partnyor ölkəsi olması diqqətə çatdırılır.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

 

AZƏRTAC