Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb

10 Sentyabr 2017
Artıq dörd ildir ki, Paris Azərbaycan Evi ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Paris və şəhər ətrafında yaşayan məktəblilər üçün həftəsonu Azərbaycan dili dərsləri təşkil edir.

Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva növbəti dərslərin başlaması ilə əlaqədar keçirilən tədbirdə çıxış edərək uşaqlara və onların valideynlərinə Azərbaycan dili dərslərinin gedişi haqqında məlumat verib. O, Fransada doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması, doğma Vətənə bağlılığının təmin edilməsi üçün həftəsonu dərslərinin rolunun böyük olduğunu söyləyib.

Vǝtǝndǝn kənarda dilimizin öyrənilməsi üçün həyata keçirilən bu layihə Azərbaycan mǝdǝniyyǝtini təbliğ edən Paris Azərbaycan Evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti tədris olunur.

Dərslər iki sinifdən ibarət olmaqla 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində müəllimələr Mehri Quliyeva və Nazilə Şəfiyeva aparacaqlar. İlk dərsin mövzusu dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib. Şagirdlərə lazımi dərslik ləvazimatları payalanılıb.

 

AZƏRTAC