Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət dəstəyi sahibkarlığın inkişafına geniş imkan yaradır

10 Sentyabr 2017
 

Qlobal və regional səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyevin iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir.

 

Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb

 

Dövlət başçısının islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, maarifləndirici işləri, biznes forumların, sərgilərin təşkili və digər tədbirlər sayəsində güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.
Azərbaycan Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması isə sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin 6 ayı ərzində 26 yoxlama keçirilib.
Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev sahibkarlara göstərilən dövlət qayğısı və bu sahədə əldə edilən uğurlar barədə danışaraq qeyd edib ki, son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb: “Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bu rəqəmlər bunun bariz nümunəsidir”.

 

Bu il 910 sahibkara 67,2 milyon manat güzəştli kredit verilib

 

Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İndiyədək 33,5 mindən çox sahibkarın ümumi dəyəri 4 milyard manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatdan çox güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Azərbaycanda investisiya təşviqi mexanizminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq. Ümumilikdə təqdim edilmiş sənədlərin 37 faizi kənd təsərrüfatını, 63 faizi isə sənaye sahələrini əhatə edir.
İnvestisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər işə başlayacaq.

 

İki il ərzində sahibkarlar 4 min 300-dən çox lisenziya alıblar

 

2015-ci il noyabrın 2-dən indiyədək sahibkarlıq subyektlərinə 4 min 300-dən çox lisenziya verilib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, lisenziyaların 2450-dən çoxu yeni verilib, 1871-i isə müddətsiz lisenziya ilə əvəz edilənlərdir.
Bu ilin ötən dövrü ərzində isə sahibkarlar 966 lisenziya alıb. Bunun 683-ü yeni verilib, 283 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və sair fəaliyyət sahələrinə verilib.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qlobal və regional səviyyədə mürəkkəb iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər uğurlu nəicələr verir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”