Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan məktəbliləri Moskvada keçirilən Beynəlxalq Meqapolis olimpiadasında medallar qazanıblar

10 Sentyabr 2017
 

Sentyabrın 4-dən 9-dək Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis olimpiadası keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 36 ölkənin, 288 məktəblinin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri uğur qazanıblar. Belə ki, şagirdlərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

Kimya fənni üzrə Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Ramil Babazadə qızıl, Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Əli Əliyev bürünc medal qazanıblar.

İnformatika fənni üzrə Akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Ziya Muxtarov bürünc, riyaziyyat fənni üzrə Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Anar Rzayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüblər. 

Komanda üzrə ölkəmiz 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Meqapolis olimpiadası dörd fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. 14-18 yaş arası yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadaya ölkəmiz hər fənn üzrə 2 şagird olmaqla 8 iştirakçıdan ibarət komanda heyəti ilə qatılıb.