Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

09 Sentyabr 2017
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ərizəçi V.Quliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, V.Quliyevin cavabdeh H.Həmzəyevə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı alqı-satqı müqavilələrinin və bunun əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.