Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Made in Azerbaijan” brendi dünyada böyük etimad qazanır

09 Sentyabr 2017
 

Beynəlxalq bazarlarda Azərbaycanın ixrac məhsullarının çeşidləri getdikcə çoxalır

 

Yeni iqtisadi inkişaf strategiyasını modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirən Azərbaycanın iqtisadi uğurlarının mühüm amillərindən birini məhz xarici iqtisadi əlaqələrinin inkişafı, tədiyə balansının müsbət saldosu təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi islahatların nəticəsi kimi ixracın həcminin idxalın həcmini əhəmiyyətli dərəcədə üstələməsi, ölkədə ixracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun xeyli dərəcədə təkmilləşməsini təmin edib.

 

İxracın stimullaşdırılması, təşviqi və dünya bazarlarına çıxış

 

Ölkənin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, məhsulların “Made in Azerbaijan” brendi altında xarici ölkələrə satılmasının təşviqi, eləcə də yeni bazarlara çıxışının təmin olunmasıdır. Yəni qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Dövlət başçısının dünyadakı yeni çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb və bu tədbirlər 2017-ci ildə də davam etdirilir. Rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir.
Xatırladaq ki, Prezident
İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. Ötən ilin oktyabrın 5-də isə dövlət başçısı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

 

Rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalı

 

Yerli və dünya bazarında rəqabətqabiliyyətliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatımız yeni mərhələyə - innovativ inkişafa qədəm qoyub. İqtisadiyyatın liberallaşdırılması, investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləridir.
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına gətirib çıxarıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarını genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir.
Dövlət başçısı ilin əvvəlində qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalını Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetləri elan edib. Bu səbəbdən də hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, texnoparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına ölkədə logistik mərkəzlər, taxıl anbarları, meyvə-tərəvəz emalı, müasir heyvandarlıq, istixana, üzümçülük, bağçılıq və quşçuluq təsərrüfatı, süd emalı müəssisələri yaradılıb ki, bu da aqrar sektorda ixracın artırılmasına böyük imkanlar açıb.

 

İxrac missiyasının coğrafiyası genişlənir

 

Əlbəttə ki, qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını daha da artırıb. Belə ki, ixracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. Məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən ötən müddət ərzində Honkonq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, oktyabr ayının əvvəlində Macarıstana da ixrac missiyası təşkil olunacaq.
Ümumilikdə isə ixrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac ediblər.
Bu il yanvar ayının 26-da Prezident İlham Əliyev xarici ölkələrdə dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, çevikliyin artırılması məqsədilə “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərman imzalayıb. İmzalanan sənədə uyğun olaraq artıq Rusiya Federasiyasında, Çində, Birləşmiş Ərəb Əmirliklərində ölkəmizin ticarət nümayəndələri təyin olunub.
Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı bu məsələyə toxunaraq deyib: “Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin”.

 

7 ayda 53 ölkədən 264 milyon dollar ixrac sifarişi

 

Artıq “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində görülən işlər real nəticələr verməkdədir. İxrac məlumat bazasının (elektron portal) formalaşdırılması da bu istiqamətdə görülən işlərdəndir. “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib və bu portala maraq getdikcə artır. Portala ötən 7 ayda 53 ölkədən 264 milyon dollar ixrac sifarişi daxil olub. Bu ilin yeddi ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu müddət ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.
Dövlət başçısının müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə Belarus Respublikasının Minsk şəhərində Azərbaycan Ticarət Evi yaradılıb. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib.
Ümumiyyətlə, 2017-ci ilin birinci yarımilliyi ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,68 milyard dollar olub. İxracın həcmi isə 5,27 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan 171 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edib.

 

Dünya bazarlarına çıxarılacaq yeni brend məhsulumuz - Azərbaycan düyüsü

 

2017-ci ilin yeddi ayında iqtisadiyyatda əldə olunan müsbət nəticələr müstəqil Azərbaycanın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dövlət başçısının söylədiyi kimi, bu il də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Azərbaycan dövləti gələcək inkişaf üçün gözəl şərait yaradır.
Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı bu məsələyə toxunaraq vurğulayıb ki, ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir.
Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri və çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz dünya bazarlarına yeni brend məhsullar çıxaracaq. Bunlardan biri də “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Akulə” və digər çəltik növündən olan düyü məhsullarıdır.
Ümumiyyətlə, çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü dünya əhalisinin beşdəikisini qidalandırır. Respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı, ikinci Şəki-Zaqatala, üçüncü isə Quba-Xaçmaz zonalarıdır. Son illərdə dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğı sayəsində uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin də inkişafı üçün geniş imkanlar yaranıb. Ötən il respublikada 2,5 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul istehsal olunub. Sentyabrın 2-də dövlət başçısının iştirakı ilə Lənkəranda çəltik zavodunun açılış mərasimində qeyd edilib ki, daim öz ətri, dadı və bərəkəti ilə seçilən Azərbaycan düyüsünün artıq “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixracı üçün sənədləşmə işləri gedir.

 

Azərbaycan qısa müddət ərzində özünütəminetmə əmsalını daha da artıracaq

 

Son vaxtlar görülən işlər, dövlət başçısının keçirdiyi müşavirələr, bölgələrə səfərləri bir daha onu göstərir ki, Azərbaycan qısa müddət ərzində özünütəminetmə əmsalını daha da artıracaq. Dövlət başçısının dediyi kimi, Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun da Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.
Əlbəttə ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlığını möhkəmləndirən amillərdir. Dünya iqtisadiyyatında getdikcə mürəkkəbləşən proseslərin fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət ölkəmizin iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”