Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncənin təhsil işçiləri yeni dərs ilinə uğurlu göstəricilərlə gəlirlər

09 Sentyabr 2017
 

Son illər Gəncədə aparılan abadlıq və quruculuq işləri çərçivəsində təhsil müəssisələrinin də yenilənməsinə xüsusi diqqət yetirilir. İndi şəhərdə fəaliyyət göstərən məktəblərin, demək olar, 90 faizi ən müasir tələblərə cavab verən səviyyədədir. Məktəblərin təmiri ilə yanaşı, onların maddi-texniki bazası da möhkəmləndirilmiş, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bütün işlər uğurla icra olunmuşdur. 

Təkcə onu demək kifayətdir ki, 2003-2011-ci illərdə 11 məktəb təmir olunmuşdusa, son üç ildə 25 məktəb əsaslı şəkildə yenidən qurulmuşdur. İnteqrasiya təlimli internat tipli gimnaziya əsaslı təmir edilmiş, 4 məktəbdə yeni tədris korpusu, uşaq yaradıcılıq mərkəzi, eləcə də şəhər təhsil idarəsi üçün yeni bina inşa edilmişdir.
Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovla söhbətimiz də elə bu barədə oldu. İdarə rəisi bildirdi ki, Gəncə təhsili hələ bu qədər diqqət və qayğı görməmişdir. Ölkə başçısı İlham Əliyevin, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı sayəsində şəhər məktəbləri ən müasir formada yenilənmiş, tədrisin dünya standartlarına yaxınlaşması istiqamətində xeyli iş görülmüşdür. Dövlət başçısı Gəncəyə hər gəlişində məktəblərin vəziyyəti ilə maraqlanmış, yeni tikilmiş binaların açılışlarında iştirak etmişdir. Dövlət başçısının şəhərin ən qabaqcıl tədris ocağı olan 4 nömrəli tam orta məktəb üçün inşa edilmiş 2200 şagird yerlik əlavə tədris korpusunun, həmçinin Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi pedaqoji kollektivlərin yaddaşında unudulmaz anlara çevrilmişdir. Göstərilən bütün bu qayğının nəticəsidir ki, şəhərdəki 27 nömrəli fizika-riyaziyyat-informatika təmayüllü liseyi bitirən 17 nəfər məzunun hamısı bu il respublikamızın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Onlardan 7-si 600-dən çox bal toplamışdır.
Əvvəlki illərdən fərqli olaraq, 2016-2017-ci tədris ilində 5 nəfər məzun qızıl medala layiq görülmüşdür. Tədris ili müddətində böyük uğurlar qazanan şagirdlər də çox olmuşdur. Onlardan biri, 26 nömrəli məktəb-lisey kompleksinin şagirdi Mirəli Əhmədli riyaziyyat fənni üzrə Braziliyada keçirilən 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında III yerin qalibi olmuş və bürünc medala layiq görülmüşdür. Ümumiyyətlə, keçən tədris ilində Gəncənin ümumtəhsil məktəblərinin şagirdləri respublika üzrə keçirilən müsabiqə və olimpiadalarda 10 qızıl, 15 gümüş və 21 bürünc medal qazanmışlar.
İl boyu gedən tədrisin keyfiyyəti test imtahanlarının nəticələri ilə qiymətləndirilir. Sevindirici haldır ki, bu il də Gəncə məktəblərinin məzunları bu sahədə uğurlu göstəricilərə nail olmuşlar. Belə ki, 2016-2017-ci tədris ilinin məzunlarından 1819 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 939-u respublikamızın müxtəlif ali məktəblərinə, o cümlədən 9 nəfəri xarici ölkələrin ali təhsil ocaqlarına qəbul olunmuşdur. Bundan başqa 116 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə, 18 nəfər isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanların 222 nəfəri 500-dən, 85-i isə 600-dən yuxarı bal toplamışdır.
Məktəblilərin yaradıcılıq qabiliyyətlərini yüksəltmək, onlarda peşə vərdişləri aşılamaq məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu işdə 8 məktəbdənkənar müəssisənin gücündən maksimum istifadə edilmişdir. Qazanılan uğurlarda, həmişə olduğu kimi, idman və şahmat məktəbləri, eləcə də Uşaq Yaradıcılıq Mərkəzi yenə də fərqlənmişdir. Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işləri Təhsil Nazirliyi tərəfindən keçirilən “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsində yüksək qiymətləndirilmişdir. “Bacarıqlı əllər” dərnəyinin üzvü Aytac Əliyevanın, rəsm dərnəyinin üzvü Gülçin Əhmədovanın, toxuculuq dərnəyinin üzvü Ləman Abdullayevanın əl işləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilən Uşaq Yaradıcılıq Mərkəzinin kataloquna daxil edilmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə şəhər təhsil idarəsinin birgə keçirdikləri “Milli mədəniyyət festivalı”nda Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri fəallıqla iştirak edərək milli rəqs, natiqlik və rəsm nominasiyaları üzrə qalib adını almışlar. Uşaq Yaradıcılıq Mərkəzinin “Azərin” rəqs qrupu Bolqarıstanın Kranevo şəhərində keçirilən “Günəş olimpiyası” festivalında diploma layiq görülmüşdür.
Gəncə şəhər uşaq-gənclər şahmat və dama məktəbinin yetirmələri də 2016-2017-ci tədris ilində bir sıra uğurlar qazanmışlar. Məktəbin yetirməsi Səadət Bəşirli bu ilin iyun ayında Monteneqronun Budva şəhərində keçirilən məktəblilərin Avropa birinciliyində uğurla çıxış edərək gümüş medala sahib olmuşdur. Məktəbin digər yetirməsi Leyla Budaqova isə cari ilin aprel ayında Rumıniyanın İasi şəhərində keçirilən məktəblilərin dünya birinciliyində bürünc medal qazanmışdır.
Keçən tədris ilində 1 saylı uşaq-gənclər idman məktəbinin yetirmələri də bir sıra uğurlar əldə etmişlər. Məktəbin idmançıları beynəlxalq və dünya birinciliyində 3 qızıl, 5 gümüş və 4 bürünc medala sahib olmuşlar. Məktəbin yetirməsi Vilayət Bayramov Yunanıstanın Limassol şəhərində keçirilən sambo üzrə dünya birinciliyində 55 kiloqram çəki dərəcəsində 3-cü, Azər Aslanov İtaliyanın Karaqa şəhərində keçirilən dünya çempionatında 63 kiloqram çəki dərəcəsində 2-ci yerə çıxmış, Məhəmməd Abdullayev İspaniyanın Fuenqirola şəhərində keçirilən cüdo üzrə Avropa kubokunun sahibi olmuş, Ayxan Cəfərov isə İtaliyanın Liqlapo şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanmışdır.
Uşaq-gənclər fiziki hazırlıq klubunun ağır atletika bölməsində fiziki qüsurlu yeniyetmə və gənclərin peşəkar idmana cəlb olunması istiqamətində də ardıcıl işlər həyata keçirilmiş, bu kateqoriyadan olan yeniyetmələrə diqqət və qayğı ilə yanaşılmışdır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, klubun məşqçi-müəllimi Natiq Əliyevin yetirməsi Nurlan Babacanov ölkə yığma komandasının tərkibinə daxil edilmiş və Macarıstanda təşkil olunmuş Dünya kuboku uğrunda yarışlarda bürünc medal qazanmışdır.

Sabir ƏLİYEV,
“Azərbaycan”