Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qəsəbə-45” seçilənlər sırasındadır

09 Sentyabr 2017
 

Ağdam rayonunun bir hissəsi erməni vandalları tərəfindən işğal olunandan sonra Mərzili kənd orta məktəbi fəaliyyətini İsmayıllı rayonunun Kürdmaşı kəndində uyğunlaşdırılmış məktəbdə davam etdirir.

Yeni məkanda əvvəlki rahatlığın, geniş sinif otaqlarının, fənn kabinələrinin olmaması, sözsüz ki, narahatlıq doğurmaya bilməzdi. Amma buna baxmayaraq, ənənəsi ilə seçilən məktəbin müəllim kollektivi Mərzilidə olduğu kimi, yeni yurd yerində də seçilənlər sırasındadır.

İsmayıllı rayonu ərazisində yaşayan məcburi köçkünlərin yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün rayon mərkəzinə yaxın hissədə Qarabağ qəsəbəsi, rəsmi sənəddə isə “Qəsəbə-45” adlanan ünvan salınarkən burada Ağdam 30 saylı tam orta məktəbi üçün də yeni binanın tikilməsinə qərar verilib. Beləliklə də məktəb 2013-cü ildən “Qəsəbə-45”də fəaliyyət göstərir.

Məktəbin direktoru Zahid Namazov deyir ki, müasir tələblər səviyyəsində inşa edilən məktəb binası müəllim, şagird və valideynlərin ürəyincədir. İndi burada hər kəs təhsilə daha həvəslə yanaşır.

Ötən tədris ilində məktəbdə 180 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 27 nəfər müəllim məşğul olub. Bu tədris ilində məktəbi 20 nəfər şagird bitirib. Onlardan bir nəfəri 592, 5 nəfəri 500-dən çox, 8 nəfəri isə 350-450 bal toplamışlar. Məktəb üzrə 20 nəfərdən 14 nəfəri respublikamızın ali məktəblərinə daxil olmuşdur.

Zahid Namazov məskunlaşdıqları İsmayıllı rayonunda istər icra hakimiyyəti, istərsə də digər qurumlar tərəfindən problemlərinə həssas yanaşıldığını bildirdi. Vurğuladı ki, rayon rəhbərliyi tərəfindən bu il ali məktəblərə yüksək balla daxil olan məcburi köçkün övladlarına hədiyyələr və mükafatlar verilmişdir.

“Qəsəbə-45” Ağdam rayonunda fəaliyyət göstərən 143 məktəb içərisində ali məktəblərə qəbula görə ikinci yeri tutub. Kollektivin başlıca arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi və məktəblərinin yenidən Mərzilidə fəaliyyət göstərərək uğurlarını davam etdirməsidir.

 

Ə.SƏLİMOV,

“Azərbaycan”