Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neftçalada 4 modul tipli məktəb istifadəyə hazırdır

09 Sentyabr 2017
 

Neftçala rayonunda yeni dərs ilinə hazırlıqla əlaqədar ümumtəhsil məktəblərinin hamısında cari təmir işləri aparılmışdır. Xıllı qəsəbə 1 saylı tam orta məktəbin dam örtüyü dəyişdirilmiş, Tatarməhlə, Yenikənd kəndlərində hər biri 56 şagird yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılmışdır. Hazırda Mikayıllı və Sübh kəndlərində daha 2 modul tipli məktəbdə tamamlama işləri aparılır. Bu məktəblərin hər biri 7 sinif və 1 müəllimlər otağından ibarətdir.

Bankə və Xıllı qəsəbələrinin 1 saylı, habelə Həsənabad məktəblərində sanitar qovşaqları təmir olunmuş, Neftçala 4 saylı tam orta məktəbi üçün su hovuzu tikilmiş, Mirzəqurbanlı kənd ümumi orta məktəbi üçün artezian quyusu qazılmışdır.

2016-2017-ci tədris ilində rayonun 28 tam orta məktəbini 640 nəfər şagird bitirmiş, onlardan 231 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Abituriyentlərdən 16 nəfəri 600-dən çox, 17 nəfəri isə 500-600 arasında bal toplamışdır. Keçən dərs ilində 3 nəfər şagird respublika fənn olimpiadalarında fərqlənmişdir. Onlardan 1-i gümüş, 2-si bürünc medala layiq görülmüşdür.

Rayonda 50 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 28-i tam, 16-sı ümumi orta, 6-sı ibtidai məktəbdir. Yeni dərs ilində həmin məktəblərdə 9 min 499 nəfər şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 1394 nəfər müəllim məşğul olacaqdır. 1087 nəfər uşaq birinci sinfə gedəcək, bundan başqa, 37 məktəbəhazırlıq qrupunda (onlardan 1-i rus bölməsindədir) 692 uşaq məktəbə ilk dəfə qədəm qoyacaq.

 

 Seyran CAVADOV,

 “Azərbaycan”